REGİONLAR
Qubada tanınmış musiqiçilərdən ustad dərsi VİDEO
Quba,11 aprel, Elxan Yusifli, AZƏRTAC
Aprelin 11-də Quba şəhərindəki Gənclər Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə şimal bölgəsində (Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən) fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinin, müəllim və şagirdləri üçün fortepiano, tar, kamança və xanəndəlik ixtisasları üzrə ustad dərsləri keçirilib.
AZƏRTAC xəbər verir ki, ustad dərslərini Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professorları, xalq artisti Ramiz Quliyev, əməkdar incəsənət xadimi Arif Əsədullayev, Azərbaycan Milli Konservatoriyasının baş müəllimi, xalq artisti Zabit Nəbizadə və Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin metodist-müəllimi Zərifə Məmmədyarova aparıblar.
Xalq artisti Ramiz Quliyev bildirib ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil edilən ustad dərsləri uşaq musiqi və incəsənət məktəblərində təhsilin keyfiyyətinin yüksəldilməsi, müəllimlərin peşəkarlığının artırılması və onlara metodiki köməklik göstərilməsi məqsədilə aparılır.
Aprelin 22-də isə ustad dərsləri Ağcabədi şəhərində təşkil ediləcək. Burada keçirilən dərslərdə Ağcabədi, Beyləqan, Füzuli, İmişli, Zərdab, habelə bölgədə fəaliyyət göstərən Laçın, Xocavənd rayonlarının uşaq musiqi və incəsənət məktəblərinin müəllim və şagirdləri iştirak etmək imkanı qazanacaq. Ustad dərsləri fortepiano, tar, kamança və xanəndəlik ixtisasları üzrə keçiriləcək.