ELM VƏ TƏHSİL
Qubada tələbələr üçün yaz düşərgəsinin açılış mərasimi keçirilib
Bakı, 30 aprel, AZƏRTAC
Aprelin 30-da Qubada tələbələr üçün təşkil edilən “MathCamp 2022” riyaziyyat üzrə yaz düşərgəsinin açılış mərasimi keçirilib.
Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, mayın 3-dək davam edəcək düşərgə çərçivəsində tələbələr arasında “IT Camp Hackathon 2022” müsabiqəsi də təşkil olunacaq.
Sözügedən tədbirlər Təhsil İnstitutu və “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilir.
Ümumilikdə 50-dən çox tələbənin qatıldığı düşərgədə ali təhsil müəssisələrinin kompüter elmləri və kompüter mühəndisliyi, informasiya texnologiyaları, informasiya təhlükəsizliyi, riyaziyyat və əlaqəli ixtisaslarda bakalavriat səviyyəsi üzrə təhsil alan III və IV kurs tələbələri, həmçinin magistratura səviyyəsi üzrə təhsil alan gənclər iştirak edirlər. Onlar müraciət etdikləri düşərgənin mövzusuna uyğun olaraq sınaq imtahanını uğurla keçərək düşərgədə iştirak hüququ adını qazanıblar.
Riyaziyyat düşərgəsinin keçirilməsində məqsəd tələbələrin riyazi biliklərinin gücləndirilməsi, kriptoqrafiya ilə bağlı biliklərinin təkmilləşdirilməsidir. Düşərgə çərçivəsində təşkil olunacaq hakaton müsabiqəsinin keçirilməsində əsas məqsəd isə informasiya texnologiyaları sahəsində təhsil alan tələbələrin yarışma vasitəsilə bilik və bacarıqlarını artırmaq, eləcə də tələbələr arasında əməkdaşlıq, komanda quruculuğu kimi xüsusiyyətlərin gücləndirilməsidir.
Düşərgə çərçivəsində tələbələrə qeyd olunan istiqamətlərdə təcrübəli təlimçilər, müəllimlər tərəfindən xüsusi hazırlanmış təlimlər, müsabiqələr təşkil ediləcək. İştirakçıların əylənərək öyrənməsi və asudə vaxtın səmərəli təşkili məqsədilə düşərgədə, həmçinin müxtəlif idman və bilik yarışları da təşkil olunacaq.