REGİONLAR


Qubada təsərrüfat sahiblərini suvarma suyu ilə təmin etmək üçün lazımi tədbirlər görülür VİDEO

Quba, 17 iyun, AZƏRTAC

Quba ölkəmizin ən böyük meyvəçilik rayonlarından biridir. Ötən il rayonda məhsulverən 14 min hektar meyvə bağından 110 min ton meyvə yığılıb. Bu isə əvvəlki illərlə müqayisədə 10-15 faiz artım deməkdir. Məhsuldarlığın artması, ilk növbədə, suvarma suyundan asılıdır. Keyfiyyətli və bol məhsul əldə etmək üçün isə suvarma suyu ən vacib şərtlərdəndir. Cari ildə təsərrüfat sahiblərini fasiləsiz suvarma suyu ilə təmin etmək məqsədilə Quba Suvarma Sistemləri İdarəsi tərəfindən lazımi tədbirlər görülüb.

Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov AZƏRTAC-a bildirib ki, rayon ərazisində suvarılan 26 min 33 hektar sahənin suvarılmasını təmin edən torpaq kanallar lil və kol-kosdan təmizlənib, eləcə də hidrotexniki qurğular cari təmir edilib.

Mövsüm ərzində hər hansı çətinliyin yaranmaması üçün Quba Suvarma Sistemləri İdarəsi tərəfindən sahilbərkitmə işləri də aparılıb. Bu da öz növbəsində suvarma suyundan səmərəli şəkildə istifadə etməyə imkan verir. Həmçinin Qudyalçay və Qusarçayın rayon ərazisindən keçən hissəsində bəndvurma işlərinə başlanılıb.

Ümumiyyətlə, son illər iqlim dəyişikliyi ilə əlaqədar şimal bölgəsindəki çaylarda suyun həcminin azalması müşahidə edilir. Bu da öz növbəsində yay aylarında suvarma suyuna olan tələbatı ödəməkdə müəyyən çətinliklər yaradır. Lakin tezliklə respublika ərazisində tikiləcək 10 su anbarının 3-ü Quba rayonun ərazisində olacaq. Bununla da yaşanan çətinlik tamamilə aradan qalxacaq. Belə ki, qış aylarında anbara toplanan sudan yaz və yay aylarında suvarma məqsədi ilə istifadə ediləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.