REGİONLAR
Qubada tibb işçilərinin 75 faizi COVID-19 infeksiyasına qarşı peyvəndlənib VİDEO
Quba, 4 fevral, Elxan Yusifli, AZƏRTAC
Quba Rayon Mərkəzi Xəstəxanasında tibb işçilərinin 75 faizi COVID-19 infeksiyasına qarşı peyvənd olunub.
Xəstəxananın baş həkimi Əmir Əliyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, ilkin mərhələdə könüllülük əsasında tibb işçilərinə peyvəndin birinci dozası vurulub.
Fevralın 8-dən etibarən COVID-19 infeksiyasına qarşı vaksinasiyanın növbəti mərhələsinə başlanılacaq. Bu mərhələdə 65 yaşdan yuxarı vətəndaşlar peyvənd olunacaq. Xəstəxanada yaradılan vaksin otaqlarında TƏBİB-in təlimatlarına uyğun zəruri şərait yaradılıb.
Əmir Əliyev bildirib ki, təhlükəsizliyinə və effektivliyinə görə seçilən “CoronaVac” vaksini ilkin mərhələdə risk qrupuna daxil olan əhaliyə - səhiyyə işçilərinə, müəllimlərə, hüquq-mühafizə orqanı əməkdaşlarına və yaşı 65-i ötmüş sakinlərə könüllülük əsasında vurulur. Vaksin immuniteti gücləndirmək yolu ilə COVID-19 infeksiyasından qoruyur, virusun ötürülməsini məhdudlaşdırır, ölüm halının qarşısını alır.
Poliklinikalarda yarana biləcək sıxlığın qarşısını almaq məqsədi ilə qeydiyyat prosesi randevu.its.gov.az saytında onlayn keçirilir. Onlayn qeydiyyatdan keçə bilməyənlər isə birbaşa poliklinikalara müraciət edə bilərlər.