REGİONLAR


Qubada tikilən yeni xəstəxananın binasında müasir avadanlığın quraşdırılmasına başlanılıb

Quba, 13 iyul, Elxan Yusifli, AZƏRTAC

Quba Rayon Mərkəzi Xəstəxanası üçün tikilən 218 çarpayılıq yeni binada tamamlama işləri görülür. Binada müasir avadanlığın quraşdırılmasına başlanılıb. Beşmərtəbəli xəstəxanada əsas korpusla yanaşı, yoluxucu xəstəliklər, patoloji anatomiya, mətbəx-camaşırxana, qazanxana korpusları, eləcə də oksigen, su nasos stansiyaları, elektrik yarımstansiyası, texniki xidmət binası və avtomobil dayanacaqları fəaliyyət göstərəcək.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Qubada 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında məlumat verilib.

Yığıncaqda Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev məruzə ilə çıxış edərək, hesabat dövründə rayonda irihəcmli tikinti-quruculuq və abadlıq işləri görüldüyünü diqqətə çatdırıb.

Məruzədə qeyd olunub ki, hesabat dövründə rayonda yol infrastrukturunun yenilənməsi istiqamətində xeyli iş görülüb. Uzun illər yerli əhali üçün narahatlıq yaradan 23 km uzunluğunda, 8 kəndi birləşdirən Hacıhüseynli-Gənclər qəsəbəsi avtomobil yolu və bu yola birləşən digər kənd yollarının asfaltlaşdırılması işləri başa çatdırılıb. Bununla yanaşı, 33 kilometr uzunluğunda Zərqava-Qasımqışlaq-Çayqışlaq-Xaspolad-Aspərasti və 60 km uzunluğundakı Gəndob-Quba-Qəçrəş-Qımılqazma avtomobil yolunun əsaslı təmiri işlərinə də başlanılıb. Turizm əhəmiyyətli Quba-Qonaqkənd yolunun Təngəaltından Afurca kəndinə qədər olan 3 kilometrlik hissəsinə asfalt örtüyü çəkilib.

Bildirilib ki, Quba Müalicə və Diaqnostika Mərkəzinin qarşısında yeni istirahət parkının salınması işlərinə başlanılıb. Şəhərin həmin ərazidə yerləşən giriş qapısında əsaslı təmir işləri aparılıb və ora müasir işıqlandırma sistemi ilə təmin olunub.

Şəhərin Heydər Əliyev prospektində müasir tələblərə cavab verən, ikimərtəbəli 120 yerlik uşaq bağçası inşa edilib. Binanın daxilində tamamlama işləri aparılır və ətrafın abadlaşdırılması həyata keçirilir.

Qeyd olunub ki, cari dərs ili müddətində rayonun Çartəpə, Ərməki, Çağacıq, İsnov və Kürkün kəndlərində yeni məktəb binaları tikilib istifadəyə verilib. Zərqova kənd tam orta məktəbində rayonun daxili imkanları hesabına aparılan əsaslı təmir işləri başa çatdırılıb və şagirdlərin istifadəsinə verilib. Rayonun daha 8 kəndində isə modul tipli məktəb binalarının tikintisi nəzərdə tutulur.

Çıxışlarda Azərbaycanın xarici siyasətdə qazandığı uğurlardan, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasından, aqrar sektorda aparılan islahatlardan, ixracyönümlü məhsulların istehsalında müsbət dinamikadan söz açılıb, dövlətimizin başçısının qarşıya qoyduğu vəzifələr diqqətə çatdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.