REGİONLAR
Qubada uşaqların qış əyləncəsi olan kirşə yarışlarından REPORTAJ VİDEO
Quba, 21 yanvar, Elxan Yusifli, AZƏRTAC
Qarlı-şaxtalı hava ucqar dağ kəndlərinin sakinlərinin qayğılarını artırsa da, burada yaşayan uşaqların ikiqat sevincinə səbəb olur.
Kənd uşaqları yay aylarından kirşələrini hazırlayıb səbirsizliklə qarın yağmasını gözləyirlər. Qubanın Alpan kəndində uşaqlar kirşə sürməyə daha həvəslidirlər. Dağlıq ərazidə yerləşən kəndin enişli-yoxuşlu yolları bu əyləncə üçün idealdır.
AZƏRTAC-ın bölgə müxbiri “Xəbərdar ol” layihəsi çərçivəsində Alpan kəndində olub, kirşə yarışını izləyib və uşaqlarla söhbətləşib.
Alpan kəndində yeniyetmələr arasında hətta kirşə ustaları kimi tanınanları da var. Əl qabiliyyəti ilə seçilən Əli özü ilə yanaşı, qonşuluqdakı uşaqlar və dostları üçün də kirşə düzəldir, sınanda isə təmir edir.
Uşaqların sözlərinə görə, kirşə sürmək o qədər maraqlı və əyləncəlidir ki, bəzən məktəbdən gələn kimi yemək yeməyi belə yaddan çıxarıb küçəyə qaçırlar. Bu əyləncə gecə saatlarına kimi davam edir. Yalnız valideynləri səsləyəndə uşaqlar sevimli əyləncələrindən ayrılıb, evə dönürlər.
Uşaqların kirşə sürdüyü enişin uzunluğu təxminən 300 metrə çatır. Burada uşaqlar bir-biri ilə yarışırlar. Eyni vaxtda 20-30 uşaq və yeniyetmə buzlu meydana toplaşır. Əsas finiş xəttinə birinci çatmaqdır. Amma kirşə sürən zaman təhlükəsizlik qaydalarına da əməl etmək lazımdır. Əks halda yıxılıb xəsarət almaq olar.
Kirşələr müxtəlif materiallardan hazırlanır. Hər evdə iki-üç kirşə olur. Ənənəvi kirşələr taxtadan hazırlanır və yumşaq olsun deyə üzərinə qoyun dərisi çəkilir. Bəzi uşaqların kirşələri onlara atalarından və babalarından qalıb.
Kirşələrdən tək əyləncə üçün istifadə olunmur. Bəzən buzlu yollarda kirşələr yük daşımaq üçün də işə yarıyır.