REGİONLAR


Qubada yaşayan dağ yəhudiləri Pesax bayramını qeyd edirlər VİDEO

Quba, 22 aprel , Elxan Yusifli, AZƏRTAC

Quba rayonunda yaşayan dağ yəhudiləri baharın gəlişi ilə əlaqədar Pesax bayramını qeyd etməyə başlayıblar.

AZƏRTAC xəbər verir ki, azadlıq və bahar anlamını verən Pesax bayramı dağ yəhudilərinin kompakt yaşadığı Qırmızı qəsəbədə hər il təntənə ilə qarşılanır. Aprelin 19-dan başlayan bayram 8 gün ərzində müxtəlif dini ayinlərlə müşayiət olunur, dağ yəhudiləri səhər və axşam saatlarında sinaqoqa gedib ibadət edirlər.

Qırmızı qəsəbə sakini Boris Simanduyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Pesax yəhudilərin ən mühüm bayramlarından biridir. Tarixi mənbələrə görə, hələ 3 min 500 il əvvəl Misir fironunun zülmündən xilas olan yəhudilər 8 gün tanrıya dua ediblər. Yəhudilər baharın gəlişi ilə eyni vaxtda azadlığın əldə edilməsini milli bayram kimi qeyd etməyə başlayıblar.

Qırmızı qəsəbə bələdiyyəsinin sədri Yafo Yadadayeva Pesax bayramının simvolunun duzsuz, qurudulmuş çörək olduğunu bildirib. Ənənəyə görə, yəhudilər bayram günlərində yeganə un məmulatı kimi məhz duzsuz, quru çörək – “Matsa”dan istifadə etməlidir. Bayrama qədər bütün evlərdə, küçələrdə təmizlik işləri görülür. Bayram günlərində isə hamı ibadət edir, bir-birini qonaq çağırır.

Quba Rayon İcra Hakimiyyəti başçısının Qırmızı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Pisax İsakov bildirib ki, Qırmızı qəsəbədə 3 mindən çox dağ yəhudisi yaşayır. Burada doğulan, hazırda isə xarici ölkələrdə yaşayan dağ yəhudilərinin də müqəddəs Pesax bayramını Vətəndə qeyd etmələri ənənəyə çevrilib.

Dağ yəhudilərinin Qubada məskunlaşması XVIII əsrin ortalarına təsadüf edir. Fətəli xanın Quba xanlığına rəhbərlik etdiyi dövrlərdə bütün ətraf ərazilərdə yaşayan yəhudilər bura köçməyə başlayıblar. Həmin vaxt salınan yəhudi məhəllələrində 10-dan çox sinaqoq inşa olunub.

Pesax bayramı aprelin 29-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.