REGİONLAR


Qubada yaşayan dağ yəhudiləri Roş-Ha-Şana bayramını qeyd edirlər VİDEO

Quba, 11 sentyabr, Elxan Yusifli, AZƏRTAC

Qubadakı Qırmızı qəsəbədə yaşayan dağ yəhudiləri Roş-Ha-Şana bayramını qeyd edirlər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qəsəbə sakinləri yəhudi təqviminə görə 5782-ci ilin gəlişini qarşılayırlar. Roş-Ha-Şana bayramının vaxtı təqvimə görə dəyişsə də, hər il əsasən sentyabr ayına təsadüf edir.

Yəhudi təqvimi ilə Yeni ilin başlanğıcı sayılan bayram günündə qəsəbə sakinləri dualar oxuyur, ehtiyacı olanlara əl tutur, Tanrıdan günahlarının bağışlanmasını diləyirlər.

Qırmızı qəsəbə sakini Nina Ruvinova bildirib ki, bayram süfrəsində dadlı təamlarla yanaşı, dəyirmi doğranmış yerkökü, balıq başı, nar, alma və balın olması vacibdir. Dəyirmi formada doğranmış yerkökü qızıl pulu, var-dövləti, süfrədəki balıq başı ailə başçısını, ailənin böyüyünü simvolizə edir. Bayram təamlarını dadarkən alma bala batırılaraq yeyilir ki, ilboyu ailədə şirinlik, isti münasibət hökm sürsün. Dənələnmiş nar isə ailənin böyüməsinə, yeni doğulacaq uşaqlara işarədir.

Quba Rayon İcra Hakimiyyətinin Qırmızı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Telman Muxaylov AZƏRTAC-ın bölgə müxbirinə deyib ki, bayram günlərində qəsəbədə hər kəs öz ailəsi, doğmaları ilə bu bayramı qeyd edir. Yeni ilin ilk 10 günündə yəhudilər müxtəlif dini ayinləri yerinə yetirir, tövbə edir, müqəddəs “Tövrat” oxuyurlar. Onuncu gündə isə bütün sutkanı ac qalmaqla oruc tutur və müqəddəs “Yom Kipur” gününü qeyd edirlər.

Roş-Ha-Şana bayramı dünyanın müxtəlif məkanlarında yaşayan bütün yəhudilər tərəfindən təntənəli şəkildə keçirilir.

Dağ yəhudilərinin Qubada məskunlaşması XVIII əsrin ortalarına təsadüf edir. Fətəli xanın Quba xanlığına rəhbərlik etdiyi dövrlərdə ətraf ərazilərdə yaşayan yəhudilər bura köçməyə başlayıblar. Həmin vaxt salınan yəhudi məhəllələrində 10-dan çox sinaqoq inşa olunub. Uzun illərdir buradakı yəhudilər azərbaycanlılarla birlikdə, sülh və əmin-amanlıq şəraitində yaşayırlar.

Qırmızı qəsəbə dünyada İsraildən sonra yəhudilərin yığcam yaşadığı nadir məkandır. “Qafqazın Yerusəlimi” adlandırılan qəsəbədə məskunlaşan yəhudilər uzun illərdir öz adət-ənənələrini yaşadırlar. Burada yəhudilərin dini icması və milli mədəniyyət mərkəzi fəaliyyət göstərir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.