REGİONLAR
Qubada yeni inşa olunan 35/10 kilovoltluq “Rustov” yarımstansiyası istifadəyə verilib
Quba, 26 sentyabr, Elxan Yusifli, AZƏRTAC
“Azərişıq” ASC tərəfindən Qubanın ucqar Qamqam kəndində tikilən 35/10 kilovoltluq 4 MVA gücündə yeni “Rustov” yarımstansiyası istifadəyə verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yeni yarımstansiya Qubanın 27 yaşayış məntəqəsi üzrə 1200 abonenti dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz edəcək, eyni zamanda yenidən qurulan elektrik təchizatı şəbəkələrində itkilər minimuma endiriləcək.
Yarımstansiyanın açılış mərasimində bildirilib ki, Prezident İlham Əliyevin ölkədə həyata keçirdiyi sosial siyasətin tərkib hissəsi olaraq əhalinin elektrik enerjisi təchizatının yaxşılaşdırılması istiqamətində “Azərişıq” ASC qarşıya qoyulan tədbirlər proqramının icrasına məsuliyyətlə yanaşır. Hazırda demək olar ki, ölkənin əksər ərazilərində elektrik enerjisi təsərrüfatının yenilənməsi istiqamətində işlər görülür.
Şimal Regional Enerji Təchizatı və Satışı İdarəsi, Quba Elektrik Şəbəkəsi, xüsusilə ucqar dağ kəndlərində istehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması məqsədilə yeni güc mərkəzləri istifadəyə verir. Rustov ərazisini elektrik enerjisi ilə təchiz edən 10 kilovoltluq hava xəttinin uzunluğunun normadan artıq olması (68 km) QamQam kəndi ərazisində 4 MVA gücündə olan yeni "Rustov” yarımstansiyası tikintini şərtləndirən əsas amillərdən olub. Bu yarımstansiyanın istismara verilməsi ilə mövcud 10 kV-luq Rustov hava xətti 3 hissəyə bölünərək, ümumilikdə 13 min sakinin elektrik enerjisi ilə təchizatını yaxşılaşdırıb. Əsparəsti və Qorxmazoba kəndlərinin qidalanması da yeni inşa edilən “Rustov” yarımstansiyasından olacaq.
Son səkkiz ay ərzində şimal regionu üzrə 3 yarımstansiya tikilərək istifadəyə verilib, bir mövcud yarımstansiya isə yenidən qurulub. Hazırda 35/10 kilovoltluq iki yarımstansiyanın inşası davam etdirilir.