REGİONLAR
Qubadakı “Günbəzli hamam”ın bərpası sentyabr ayında yekunlaşacaq VİDEO
Qusar, 17 fevral, Elxan Yusifli, AZƏRTAC
Quba şəhərindəki XVIII-XIX əsrlərə aid “Günbəzli hamam” tarixi abidəsinin bərpasının ikinci mərhələsi yekunlaşmaq üzrədir.
AZƏRTAC xəbər verir ki, iki günbəz və 9 hücrədən ibarət olan qədim tikilinin bərpasında bişmiş kərpicdən istifadə olunub. Qırmızı kərpicdən tikilən hamam binasının yenidən qurulmasında o dövrün memarlıq ənənələrindən istifadə edilir. Belə ki, bərpa zamanı sementi gil və əhəng kimi tikinti materialları əvəzləyir. Bununla yanaşı, təmir prosesində hamamın iç divarlarındakı müxtəlif naxış və ornamentlər də qorunub saxlanılacaq.
İş icraçısı İsrail Cabbarov bərpa prosesinin 3 mərhələdə aparıldığını bildirib. Sovet illərində aparılan yenidənqurma işləri zamanı sement qarışığından istifadə edilməsi ustaların işini çətinləşdirir.
Bərpa işlərinin üçüncü mərhələsində binaya işıq xətlərinin çəkilməsi, ətrafının hasarlanması və həyətində abadlıq işlərinin aparılması nəzərdə tutulub. Abidənin dağılmaması üçün onun fasadına və daxili divarlarına Almaniyada istehsal olunan xüsusi möhkəmləndirici maddə vurulacaq. Bununla yanaşı, qədim hamamın drenaj şəbəkəsi də qurulacaq.
“Günbəzli hamam”ın yenidən qurulması bu ilin sentyabr ayına kimi yekunlaşacaq. Bərpadan sonra muzey kimi fəaliyyət göstərəcək qədim hamam binasında müxtəlif sənətkarlıq nümunələrinin sərgisi təşkil ediləcək.
Təmir-bərpa işləri Mədəniyyət və Turizm Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində ABŞ Dövlət Departamentinin Səfirlərin Mədəni İrsin Qorunması Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.
“Günbəzli hamam” Şərq memarlıq üslubunda tikilib. Böyük və kiçik olmaqla iki tağdan ibarətdir. Geniş salonu olan hamamın istilik sistemi odunla işləyib. Tarixi abidə özündə Azərbaycanda bişmiş qırmızı kərpicin erkən istifadə texnikasını nümayiş etdirir.
1985-ci ilədək əhalinin istifadəsində olan hamam Mədəniyyət və Turizm Nazirliyi tərəfindən tarixi abidə kimi qorunur.