ELM VƏ TƏHSİL
Qubadlı, Şuşa və Zəngilan rayon təhsil şöbələri müdirlərinin hesabatları dinlənilib
Bakı, 13 dekabr, AZƏRTAC
Dekabrın 13-də Bakıda yerləşən Şuşa rayonu 1 nömrəli tam orta məktəbdə Qubadlı, Şuşa və Zəngilan rayon təhsil şöbələrinin fəaliyyətinə dair hesabat tədbiri keçirilib. Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib.
Təhsil işçilərinin, məktəb direktorlarının iştirak etdikləri tədbirdə Qubadlı, Şuşa və Zəngilan rayon təhsil şöbələri müdirlərinin dərs ilinin prioritet fəaliyyət istiqamətləri üzrə Təhsil Nazirliyinin müvafiq əmrlərinin icra vəziyyəti ilə əlaqədar hesabat məruzələri dinlənilib.
Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva hesabatlar barədə fikirlərini bildirib. Nazir müavini ötən il təhsil sahəsində həyata keçirilən tədbirlər və qarşıda duran vəzifələrdən danışıb.
M.Vəliyeva məktəblərdə tədris prosesinə rəhbərlik və nəzarət mexanizminin təkmilləşdirilməsinin vacibliyini vurğulayıb.
Sonra həmin rayonların təhsil şöbələrinin əməkdaşları, məktəb direktorları, eləcə də Bakı, Abşeron və Sumqayıtda fəaliyyət göstərən məcburi köçkün məktəblərinin direktorlarının iştirakı ilə görüş keçirilib.
Görüşdə M.Vəliyeva tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülmüş işlərin təhlili nəticəsində gəlinən qənaətlər, ümumi təhsil müəssisələrində həyata keçirilən tədbirlərin məqsədyönlü və səmərəli təşkili məsələlərinə toxunub.
Təkliflər dinlənilib, suallar cavablandırılıb.