REGİONLAR


Qubadlı Suvarma Sistemləri İdarəsi bərpa edilib

Bakı, 17 noyabr, AZƏRTAC

Qubadlı Suvarma Sistemləri İdarəsi bərpa olunub.

Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndəsi Dilqəm Şərifov AZƏRTAC-a bildirib ki, noyabrın 14-də işğaldan azad edilən ərazilərdə meliorasiya və irriqasiya sistemlərinin bərpası ilə əlaqədar keçirilən tədbir çərçivəsində Qubadlı Suvarma Sistemləri İdarəsinin təsis edilməsi elan olunub. Bunu Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə elan edib. Tədbirdən sonra isə Qubadlı Suvarma Sistemləri İdarəsinə yeni rəis təyin olunub.

İşğaldan azad edilən yerlərdə səhmdar cəmiyyətinin balansında olan obyektlərin inventarlaşdırılması, onların vəziyyətinin ilkin qiymətləndirilməsi və hazırlıq tədbirləri məqsədilə qurumun sədr müavininin rəhbərliyi ilə komissiya yaradılıb.

Qubadlı Suvarma Sistemləri İdarəsinin balansında 5200 hektar suvarılan sahə, 998 kilometr suvarma kanalları, 7 nasos stansiya, 129 ədəd suvarma qurğusu və 1 hidroqovşaq (Həkərəçay HQ) olub.

Xatırladaq ki, Prezident İlham Əliyev cari il noyabrın 6-da “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini və aradan qaldırılmasını təmin etmək məqsədilə Dövlət Komissiyası yaradılıb.

Həmin komissiyanın tərkibində Meliorasiya və Su Təsərrüfatı ASC-nin də nümayəndəsi var. Dövlət Komissiyasına Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini iki ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat vermək tapşırılıb. Komissiya tərəfindən bütün sahələrdə olduğu kimi, su təsərrüfatı və meliorasiya obyektləri müəyyən ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.