REGİONLAR


Qubadlı: görülən bütün işlərin təməlində insan amili durur

Sumqayıt, 11 may, Ətrabə Rzayeva, AZƏRTAC

Cari ilin aprelin 1-nə olan məlumata görə, Qubadlı rayonunun 38 min 100 nəfər əhalisi respublikanın 41 müxtəlif şəhər və rayonunda məskunlaşıb. Sakinlərin məskunlaşma yerlərində yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir. Abşeron rayonunda “Stansiya Sumqayıt” adlanan ərazidə yeni salınan şəhərciyə 307, Sumqayıt şəhər 12-ci mikrorayondakı şəhərciyə 418, Qaradağ rayon “Ümid” qəsəbəsinə isə 9 ailə köçürülüb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Qubadlı rayonunun cari ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan yığıncağında səsləndirilib.

Hesabat məruzəsində və çıxışlarda rayon həyatının və iqtisadiyyatının bütün sahələri üzrə yekunlar təhlil edilib. Qeyd olunub ki, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlar, eyni zamanda, inzibati ərazi dairələri üzrə nümayəndəliklər qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə çalışıblar.

Birinci rübdə rayonun yerli gəlirlərinin proqnoz məbləği 443 min 534 manat, yerli xərclər proqnozu isə 453 min 778 manat olub. Yerli gəlirlərdən daxil olma 443 min 534 manat proqnoz rəqəminə qarşı 605 min 235 manat və ya 1,3 dəfə çox icra olunub ki, bu da nəzərdə tutulduğundan 161 min 701 manat artıq vəsaitin daxil olması deməkdir. Hesabat dövrü yerli xərclərin icrası isə 453 min 778 manata qarşı 393 min 128 manat və yaxud 86,6 faiz icra olunub.

Bildirilib ki, Məşğulluq Mərkəzi tərəfindən sakinlərin məşğulluğunun artırılması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilib. Rayonda 20 min 600 nəfər əmək qabiliyyətli əhali var. Cari ilin birinci rübündə 46 yeni iş yeri açılıb. Ümumiyyətlə, son 14 ildə rayon üzrə yeni yaradılan iş yerlərinin sayı 3 min 943-ə çatıb.

İlin ilk üç ayında kənd təsərrüfatı sahəsində də görülən işlərdən danışan natiqlər qeyd ediblər ki, baramaçılığın inkişafı üçün Füzuli və Sabirabad rayonları ərazisində əkilən Çin Xalq Respublikasından gətirilmiş və yerli sortlardan olan 11 min 500 ədəd tut tinginə yaz aylarında qulluq edilməsi məqsədilə bütün tədbirlər görülüb. 2019-cu ildə barama istehsalı ilə əlaqədar olaraq Qax Damazlıq İpəkçilik Stansiyasından 26 qutu, yəni 494 qram ipəkqurdu toxumu götürülərək baramaçılara paylanılıb.

Rayonda xüsusilə son illər arıçılığı inkişaf etdirmək üçün müəyyən işlər görülməkdədir. Artıq arı ailələrinin sayı 4 min 477-ə çatdırılıb. Arıçılığı inkişaf etdirmək məqsədilə müraciət etmiş 82 arıçıya dövlət hesabına 35 min 400 manat subsidiya verilib.

Natiqlər Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın məcburi köçkünlərə göstərdiyi qayğıdan danışaraq, qubadlılıların daim dövlətçiliyin keşiyində durduğunu, ölkə rəhbərinin həyata keçirdiyi siyasəti tam dəstəklədiklərini vurğulayıblar.

Məruzə və çıxışlarda qarşıda duran vəzifələrdən də söhbət açılıb. Bildirilib ki, görülən bütün işlərin təməlində insan amili durur. Əhalinin hər bir müraciəti, təklifləri, xahişləri daim diqqət mərkəzində saxlanılmalıdır.

Hesabat yığıncağında Prezident Administrasiyasının məsul işçisi Ağaəli Əhmədov çıxış edərək, dövlətimizin başçısının qarşıya qoyduğu konkret vəzifələrdən danışıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.