REGİONLAR
Qubadlı liseyinin 34 məzununun hamısı ali məktəbə qəbul olub
Sumqayıt, 15 avqust, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıtda yerləşən Qubadlı rayon Hafiz Quliyev adına Çaytumas məktəb-liseyini bu il bitirən 34 məzunun hamısı ali məktəblərə keçirilən qəbul imtahanlarında iştirak edərək tələbə adını qazanıb. Rayon üzrə ən yüksək balı da bu liseyin məzunu toplayıb. Belə ki, İldırımova Aydan Vüqar qızı 671 bal toplayaraq Bakı Dövlət Universitetinin Riyaziyyat fakültəsinə qəbul olub.
Qubadlı Rayon Təhsil Şöbəsinin müdiri Fuad Bədəlov AZƏRTAC–a bildirib ki, ali məktəbə qəbul olan lisey məzunlarından 2 nəfəri 600 baldan, 6 nəfəri 500 baldan yuxarı, 26 nəfəri isə 300-500 bal arası nəticə göstərib.
O, Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzinin 2018-ci il tədris ili üçün açıqladığı hesabata əsasən, rayonun 11-ci sinif şagirdlərinin buraxılış imtahanlarında göstərdikləri yüksək nəticələrə görə ölkə üzrə I yeri tutduğunu və 9-cu siniflərin buraxılış imtahanlarında isə rayon şagirdlərinin 3-cü yeri qazandığını vurğulayıb.
F.Bədəlov Qubadlı rayonunda 32 tam orta məktəbin fəaliyyət göstərdiyini və onlardan 23-nün Sumqayıtda yerləşdiyini qeyd edib. İlin yekununa nəzər salan şöbə müdiri cari tədris ilində rayon məktəblərini 444 şagirdin bitirdiyini, onlardan 386-nın ali məktəblərə qəbul imtahanı üçün sənəd verdiyini bildirib. Dövlət İmtahan Mərkəzinin imtahan nəticələrinin birinci mərhələsində rayon məzunlarının 297 nəfəri tələbə adını qazanıb.