REGİONLAR
Qubadlı məktəbliləri “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində cənub bölgəsinə yollanıblar
Sumqayıt, 26 mart, Ətrabə Rzayeva, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin tövsiyəsinə əsasən ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiyaların növbəti mərhələsinə başlanılıb.
AZƏRTAC xəbər verir ki, martın 26-da tur-aksiyaya Qubadlı rayon məktəbliləri də qoşulublar. Tədris prosesində biliyi və istedadı ilə seçilən nümunəvi 20 məktəbli və onları müşayiət edən 2 müəllim dörd gün müddətində Lənkəran-Masallı-Astara rayonları ilə tanış olacaqlar.
Yolasalma mərasimində rayon icra hakimiyyətinin məsul şəxsləri, təhsil işçiləri və valideynlər iştirak ediblər. Tur-aksiya iştirakçılarına yaxşı yol arzulayan Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Xoşqədəm Alıyeva bildirib ki, artıq 5 ildir həyata keçirilən “Ölkəmizi tanıyaq” tur-aksiyası gənclərin vətənpərvərlik, tarixi–mədəni irsimizə hörmət ruhunda tərbiyə olunması, məktəblilərin dünyagörüşlərinin daha da zənginləşdirilməsi məqsədi daşıyır.
Qeyd olunub ki, şagirdlər tur-aksiyada vaxtlarını səmərəli keçirməklə yanaşı, Azərbaycanın cənub bölgəsinin qədim tarixi-memarlıq abidələri, muzey və mərkəzləri ilə yaxından tanış olacaq, yeni dostlar qazanacaqlar.
Tur-aksiya çərçivəsində Lənkəran rayonunda “Qoşa qala” qapıları, Həzi Aslanovun ev-muzeyi, Hirkan Milli Parkı, Xanbulan gölü, Astarada şəhər bulvarı və “Astaraçay” çay fabriki, Masallıda Tarix-Diyarşünaslıq Muzeyi, Dövlət Rəmzləri Muzeyi, “ASAN həyat” kompleksi ilə tanışlıq məktəblilərin yaddaşında dərin izlər buraxacaq.
Sonda Qubadlı məktəbliləri xüsusi avtobusla yola çıxıblar.