REGİONLAR
Qubadlı rayonu üzrə koronavirusla mübarizə tədbirləri davam etdirilir
Sumqayıt, 18 avqust, Ətrabə Rzayeva, AZƏRTAC
COVID-19 infeksiyasının yarada biləcəyi təhlükəni aradan qaldırmaq, bu sahədə aparılan profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə müvafiq tapşırıqlara əsasən, Qubadlı rayonu üzrə təxirəsalınmaz, qabaqlayıcı tədbirlər davam etdirilməkdədir.
AZƏRTAC xəbər verir ki, Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin və rayon Kommunal Müəssisələr Kombinatının işçiləri Sumqayıt şəhərində əhalinin sıx məskunlaşdığı ərazilərdə, 4-cü məhəllədə 201 ailənin məskunlaşdığı 1 və 2 saylı, 3 ədəd yarımçıq binada, 47-ci məhəllədə 183 ailənin məskunlaşdığı 11, 12, 13, 14 saylı binalarda, 9-cu mikrorayonda 201 ailənin məskunlaşdığı 29, 30, 31 saylı binalarda, 11-ci mikrorayonda 2 ədəd yarımçıq binada, 12-ci mikrorayonda 450 ailənin məskunlaşdığı 1, 2, 3, 4, 5, 6 saylı binalarda, İnşaatçılar qəsəbəsində 130 ailənin məskunlaşdığı SU-13 idarə binasında, dəmir-beton zavodunun idarə binasında, Ağac Emalı Zavodunun idarə binasında sanitar-dezinfeksiya işləri həyata keçirilib. Binaların, yataqxanaların girəcəkləri, pilləkən qəfəsləri və həyətyanı sahələr dezinfeksiya olunub.
Eyni zamanda, mobil qruplar tərəfindən 8 obyektə gündəlik reyd edilib, fəaliyyət göstərən 6 obyektə karantin qaydalarına riayət etmələri üçün xəbərdarlıq olunub. Nəzarətə götürülmüş yaşı 65-dən yuxarı olan 297 tənha sakinə mütəmadi olaraq baş çəkilir və onların gündəlik tələbatları ödənilir. Hər bir sakinlə xüsusi karantin rejiminin tələblərinə ciddi əməl etməklə bağlı söhbətlər aparılır.