CƏMİYYƏT
Qubadlı sakinləri kiçik ailə bizneslərini doğma yurdlarında genişləndirmək əzmindədirlər
Bakı, 13 noyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin icra etdiyi özünüməşğulluq proqramına cəlb olunanlar arasında Qubadlı rayonundan olan vətəndaşlar da az deyil.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, yurd həsrətinə son qoyulan həmin insanlar müzəffər Ordumuzun Ermənistanın işğalından azad etdiyi doğma yurdlarına özünüməşğulluq proqramının dəstəyi ilə yaratdıqları kiçik ailə təsərrüfatları ilə qayıtmağa hazırlaşırlar.
“Bu möhtəşəm Qələbənin, doğma torpaqlarımıza qayıdışın sevinci, fərəhi, qürur hissləri bizi heç zaman tərk etməyəcək”,- deyə vurğulayan Qubadlı sakinləri məcburi köçkün olduqları dövrdə həmişə dövlətin dəstəyi ilə əhatə olunduqlarını bildirirlər. Onlar özünüməşğulluq proqramına cəlb olunmalarının dövlətin daha bir qayğısı olduğunu qeyd edirlər. Proqram əsasında verilmiş mal və materiallar, avadanlıqlar hesabına qurduqları kiçik ailə bizneslərini ata-baba yurdlarında daha da genişləndirmək əzmində olduqlarını söyləyirlər.