REGİONLAR
Qubadlılar “Bakı-2017”nin çempionu İslam Abbasovu parlaq qələbə münasibətilə təbrik ediblər
Sumqayıt, 26 may, Ətrabə Rzayeva, AZƏRTAC
Mayın 26-da Qubadlı Rayon İcra Hakimiyyətinin inzibati binasında müxtəlif nailiyyətlər qazanan idmançılarla, o cümlədən “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının qızıl medalçısı İslam Abbasovla görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyətinin başçısı Malik İsaqov idmançıları IV İslam Həmrəyliyi Oyunlarında qazanılan yüksək nailiyyət münasibətilə təbrik edib. Qeyd olunub ki, dövlətimizin başçısının idmançılara xüsusi qayğı ilə yanaşması, müasir Olimpiya idman komplekslərinin və arenalarının tikilməsi ölkəmizdə idmanın kütləviləşməsinə əlverişli şərait yaradıb. Son illərdə Azərbaycanda 50-dək yeni olimpiya idman kompleksi, bir sıra idman növləri üçün möhtəşəm arenalar istifadəyə verilib. Bunun nəticəsidir ki, Azərbaycan idmanı çiçəklənmə dövrünü yaşayır.
M.İsaqov “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarından danışaraq deyib ki, Azərbaycan daha bir mötəbər beynəlxalq idman tədbirinə uğurla ev sahibliyi edərək tarix yazıb. Bu yarışlarda 54 ölkəni təmsil edən 3 mindən çox idmançı, 2 minədək komanda rəsmisi və texniki nümayəndə iştirak edib. Atletlər idmanın 24 növü üzrə keçirilən yarışlarda 269 dəst medal uğrunda mübarizə aparıblar. Oyunların yekunlarına görə, 75 qızıl, 50 gümüş və 37 bürünc medal qazanan Azərbaycan iştirakçı ölkələr arasında birinci olub.
İcra hakimiyyətinin başçısı xüsusi qürur hissi ilə diqqətə çatdırıb ki, Qubadlı idmançısı İslam Abbasov yunan-Roma güləşi üzrə yarışlarda 85 kiloqram çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək İslamiadanın çempionu olub. “Rayonumuzda da idmançılar üçün əlverişli şərait yaradılıb. Lazımi idman avadanlıqları, idman zalı atletlərimizin istifadəsinə verilib”, - deyə M.İsaqov vurğulayıb.
Tədbirdə çıxış edən idmançılar, məşqçilər, ictimaiyyət nümayəndələri bildiriblər ki, bu uğurlar təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin davam etdirdiyi məqsədyönlü siyasətin nəticəsidir. İdmanın inkişafı üçün yaradılan münbit şərait ölkəmizin beynəlxalq yarışlarda daha böyük qələbələrə imza atmasını şərtləndirən əsas amildir. Təsadüfü deyil ki, Qubadlı idmançıları ilbəil yüksək nailiyyətlər qazanır, rayonu və ölkəni müxtəlif mötəbər idman yarışlarında layiqincə təmsil edirlər.
Sonra çıxış edən IV İslam Həmrəyliyi Oyunlarının qızıl mükafatçısı İslam Abbasov, idmançının atası Əzim Abbasov idmançılara və gənclərə göstərilən dəstəyə görə Prezident İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Sonda İslam Abbasova fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.