SİYASƏT
Qubadlılar Yeni ili böyük ümidlərlə qarşılayırlar
Sumqayıt, 29 dekabr (AZƏRTAC). Dekabrın 29-da Sumqayıtdakı 28 May mədəniyyət evində Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təntənəli tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə rayon rəhbərliyi, hüquq mühafizə orqanlarının, müəssisə, idarə, təşkilatların rəhbərləri, həmçinin ictimaiyyətin nümayəndələri, gənclər iştirak etmişlər.
Bayram tədbirində Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov bildirmişdir ki, Azərbaycanın tarixinə uğurlu il kimi daxil olan 2013-cü ildə respublikamızın regional və qlobal əhəmiyyəti daha da artmış, xalqımızın sosial rifahı xeyli yüksəlmişdir. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş Dövlət Proqramı və ona edilmiş əlavələr uğurla icra edilir. Bilavasitə Qubadlı rayonu ilə bağlı 5 maddənin icrası ilə əlaqədar müvafiq iş aparılır. Son 10 ildə 152 ailə, o cümlədən 2013-cü ilin aprel-may aylarında 30 ailə yeni mənzillə təmin edilmişdir. Rayonun 32 ümumtəhsil məktəbinin hamısı yeni tikilmiş və əsaslı təmir edilərək yenidən qurulmuş binalarda yerləşir.
Malik İsaqov qeyd etmişdir ki, hazırda rayonun məktəblərində 7168 nəfər şagird təhsil alır. Son 10 ildə mərkəzi rayon xəstəxanasının poliklinikası üçün yeni bina inşa edilmiş, 2 kənd feldşer-mama məntəqələrinin fəaliyyəti bərpa olunmuşdur. Sumqayıt şəhərində rayon mədəniyyət və turizm şöbəsinin yerləşdiyi bina əsaslı təmir edilmişdir.
Diqqətə çatdırılmışdır ki, yola saldığımız 2013-cü il tariximizə ümummilli liderimiz Heydər Əliyev ideyalarının həyata keçirilməsi yolunda uğurlu və inamlı addımlar ili kimi yazılmışdır. Bu ilin ən mühüm hadisəsi, heç şübhəsiz, oktyabrın 9-da keçirilmiş Prezident seçkiləri olmuşdur. Xalqımızın yüksək siyasi fəallığı və mütəşəkkilliyi şəraitində keçən bu seçkilər Ulu Öndərin ideyalarına sədaqətin, Prezident İlham Əliyevə yüksək ümumxalq etimadının parlaq nümayişinə çevrilmişdir. Qürur hissi ilə qeyd etmək lazımdır ki, rayonumuzun əhalisi də bu prosesdə dövlətimizə sadiqlik mövqelərini bir daha sübut etmişdir.
Rayon icra hakimiyyətinin başçısı demişdir ki, Azərbaycan haqqında danışarkən gözlərimiz qarşısında böyük bir tikinti meydanı canlanır. Bu il də respublikamızda tikinti, abadlıq işləri yeni vüsət alması ilə yaddaqalan olmuşdur.
Yola saldığımız il rayonumuz üçün də uğurlu olmuşdur. Məktəblərin maddi–texniki bazasının möhkəmləndirilməsi, əhalinin məişət şəraitinin yaxşılaşdırılması, idarə, müəssisə və təşkilatlarda normal fəaliyyət üçün şəraitin yaradılması, yeni iş yerlərinin açılması istiqamətində görülən işlər hər birimizdə sonsuz qürur və iftixar hissi yaradır.
Malik İsaqov qeyd etmişdir ki, başa çatmaqda olan il rayon gənclərinin təhsil, idman, mədəniyyət sahəsində uğurları ilə də əlamətdar olmuşdur. Məktəblərimizi bitirən məzunlardan 165 nəfəri tələbə adını qazanmışdır. Rayonumuzun təmsilçiləri mədəniyyət sahəsində keçirilən müsabiqə və festivallarda uğurla çıxış etmişlər. İdmançılarımız müxtəlif beynəlxalq və respublika səviyyəli idman yarışlarında iştirak edərək 50-dən artıq medal qazanmışlar. Rayon icra hakimiyyəti tərəfindən beynəlxalq yarışlara gedən idmançılara maddi dəstək göstərilmişdir.
Sonra Malik İsaqov 2013-cü ildə müxtəlif sahələrdə uğurlar qazanmış 83 gəncə rayon icra hakimiyyətinin qiymətli hədiyyələrini təqdim etmişdir.
Tədbir maraqlı bayram konserti ilə davam etmişdir. Şən mahnılar, şux rəqslər bayrama xüsusi rəng qatmışdır. Yeni ilin atributları sayılan Şaxta baba və Qar qızın iştirakı, yolka ətrafında uşaqların şən rəqsləri iştirakçıların bayram əhval-ruhiyyəsini daha da artırmışdır. Ən çox sevinən isə uşaqlar olmuşlar. Şaxta Baba onlara bayram hədiyyələri vermişdir.