REGİONLAR
Qubalı arıçı: Təsərrüfatımızın saxlanılmasına çəkdiyimiz xərclərin böyük bir hissəsi dövlət tərəfindən ödəniləcək
Quba, 21 sentyabr, Elxan Yusifli, AZƏRTAC
Təsərrüfatımızda 150 arı ailəsi saxlayırıq. Qazancımız da az deyil. Bundan sonra qazancla bərabər əlavə subsidiya da alacağıq. Nazirlər Kabinetinin “Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi Qaydası”na görə bizim təsərrüfatımıza 1500 manat subsidiya düşür. Bu arıçı üçün az məbləğ deyil. Biz il ərzində arı ailələrinin müalicəsinə, zərərvericilərdən qorunmasına bu qədər xərc çəkirik. Deməli təsərrüfatımızın saxlanılmasına çəkdiyimiz xərclərin böyük bir hissəsi dövlət tərəfindən ödəniləcək. Şübhəsiz ki, bu da arıçılığın inkişafına öz töhfəsini verəcək.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində qubalı arıçı Zəfər Əzizov deyib.
Arıçı bildirib ki, son illər ölkəmizin ayrı-ayrı bölgələrində arıçılıq sahəsinə xüsusi fikir verilir. Arı ailələrinin artırılması, eləcədə məhsuldarlığının yüksəldilməsi üçün vaxtlı-vaxtında mühüm tədbirlər həyata keçirilir. Quba rayonu da Azərbaycanın regionları arasında arıçılığın inkişaf etdiyi bölgələrdəndir.
“Beş il müddətində subsidiyanın verilməsi hər bir arıçını təsərrüfatını genişləndirməyə sövq edəcək. Bu da ölkəmizdə məhsul bolluğunun yaranmasına gətirib çıxaracaq. Hazırda oktyabr ayının 5-dən 28-dək Bakı şəhərində keçiriləcək arıçılıq məhsullarının növbəti respublika sərgi-satış yarmarkasına hazırlaşırıq. Yarmarkaya ən azı 500 kiloqrama yaxın bal çıxaracağıq. Gələcək illərdə istehsalı daha da artırmaq və arıçılıq məhsullarımızı xarici bazara çıxarmağı nəzərdə tutmuşuq. Bu işdə dövlətin bizə göstərdiyi qayğı mühüm rol oynayır”, - deyə Z.Əzizov bildirib.