REGİONLAR


Qubalı arıçılar bu il təsərrüfatlarından iki dəfə çox məhsuldarlıq gözləyirlər VİDEO

Quba, 24 may, Elxan Yusifli, AZƏRTAC

Qubalı arıçılar bu il təsərrüfatlarından ikiqat məhsuldarlıq gözləyir. Erkən yazda havaların əlverişli keçməsi arı ailələrinə müsbət təsir göstərib.

Qubalı arıçı Telman Balabəyov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, hazırda arıçılar arı yeşiklərini arandan dağətəyi ərazilərə köçürürlər. Bu il erkən yazda havanın yağıntılı keçməsi bitkilərin çiçəklənmə dövrünün daha uzun müddətli olmasına şərait yaradıb. Bu da arıların bal toplamaq imkanını artırır.

Telman Balabəyov bildirir ki, arı ailələrinin mövsüm dövründə planlı surətdə köçürülməsinin optimal təşkili bal məhsuldarlığının artırılmasının əsas amillərindəndir. Köçürülmə işinin düzgün təşkil edilməsi, ilk növbədə, arı ailələrinin inkişafına səbəb olur. Arıçılıqla məşğul olan fermerlər arı ailələrinin yonca, xaşa, şabdar bitkiləri olan əkin sahələrinin, təbii biçənəklərin, cökə və akasiya meşəliklərinin yaxınlığına köçürülməsinə üstünlük verirlər.

İyun ayının ikinci ongünlüyündən isə qubalı arıçılar təsərrüfatlarını dağətəyi zonalardan dağlıq ərazilərə köçürəcəklər.

Quba Dövlət Aqrar İnkişaf Mərkəzinin sektor müdiri Aydın Qədiməliyev bu il rayondakı arıçılıq təsərrüfatlarından 300 tondan çox bal əldə ediləcəyini proqnozlaşdırdıqlarını bildirir. Ötən il isə bu rəqəm 150 ton təşkil edib.

“Dövlət tərəfindən subsidiyanın verilməsi hər bir arıçını təsərrüfatını genişləndirməyə sövq edir. Bu da ölkəmizdə məhsul bolluğunun yaranmasına gətirib çıxarır. Mən ixracla məşğul olan şirkətlərə səslənərək bildirmək istəyirəm ki, bu il bal bol olacaq. Ona görə də Azərbaycandan xaricə bal ixracı istiqamətində fəaliyyətlərini artıra bilərlər”, - deyə A.Qədiməliyev söyləyib.

Quba rayonunun əlverişli təbii-iqlim şəraiti, zəngin yem ehtiyatları və qiymətli cinslərə malik arı genofondu arıçılığın inkişaf etdirilməsi üçün geniş imkanlar yaradır. Hazırda rayondakı təsərrüfatlarda 20 minə yaxın arı ailəsi saxlanılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.