REGİONLAR
Qubalı arıçılar təsərrüfatlarını dağlıq ərazilərə köçürürlər VİDEO
Quba, 23 iyun, Elxan Yusifli, AZƏRTAC
İyun ayının ikinci ongünlüyündən başlayaraq qubalı arıçılar təsərrüfatlarını aran və dağətəyi zonalardan dağlıq ərazilərə köçürməyə başlayıblar.
Qubalı arıçı Eldəniz Babayev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, arı ailələrinin mövsüm dövründə planlı surətdə köçürülməsi bal məhsuldarlığının artırılmasının əsas amillərindəndir. Köçürülmə işinin düzgün təşkil edilməsi, ilk növbədə, arı ailələrinin inkişafına səbəb olur. Arıçılıqla məşğul olan fermerlər arı ailələrinin yonca, xaşa, şabdar bitkiləri olan əkin sahələrinin, təbii biçənəklərin, cökə və akasiya meşəliklərinin yaxınlığına köçürülməsinə üstünlük verirlər.
Qubalı arıçılar bu il təsərrüfatlarında məhsuldarlığın ötən illərə nisbətən zəif olacağını proqnozlaşdırırlar. Erkən yazda havanın quraq keçməsi bitkilərin çiçəklənmə dövrünün qısa müddətli olmasına səbəb olub. Bu da arıların bal toplamaq imkanını məhdudlaşdırır.
Quba Dövlət Aqrar İnkişaf Mərkəzinin sektor müdiri Aydın Qədiməliyev bildirib ki, rayonda arıçılığa maraq daha da artıb. Bu il rayonda arıçılıqla məşğul olan 117 yeni təsərrüfatçı qeydiyyatdan keçib. Bu arıçılar 2 mindən çox arı ailəsinə qulluq edirlər. Quba rayonu üzrə ümumilikdə 864 arıçılıq təsərrüfatı mövcuddur.
Aydın Qədiməliyev qeyd edib ki, dövlət tərəfindən subsidiyanın verilməsi hər bir arıçını təsərrüfatını genişləndirməyə sövq edir.
“Yaxın günlərdə arıçılıq təsərrüfatlarında monitorinqlərə başlanılacaq. Fermerlər onlayn formada qeydiyyatdan keçib, təsərrüfatları barədə məlumatları bazaya yerləşdiriblər. Monitorinqlərdən sonra fermerlərə subsidiyaların verilməsinə başlanılacaq”, - deyə A.Qədiməliyev söyləyib.
Quba rayonunun əlverişli təbii-iqlim şəraiti, zəngin yem ehtiyatları və qiymətli cinslərə malik arı genofondu arıçılığın inkişaf etdirilməsi üçün geniş imkanlar yaradır. Hazırda rayondakı təsərrüfatlarda 23 minə yaxın arı ailəsi saxlanılır. Hər il rayonda 100-120 ton bal əldə edilir.