REGİONLAR
Qubalı döyüşçü ilə ailə quran belaruslu tibb bacısı - Lidiya Rüstəmova VİDEO
Quba, 9 may, Elxan Yusifli, AZƏRTAC
İkinci Dünya müharibəsi iştirakçısı 96 yaşlı Rüstəmova Lidiya Antonovna Quba rayonunun Digah kəndində yaşayır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əslən Belarusun Vitebsk vilayətindən olan Lidiya Rüstəmova müharibə illərində tibb bacısı kimi fəaliyyət göstərib. Elə həmin vaxt da gələcək həyat yoldaşı qubalı Səfixan Rüstəmovla tanış olub.
Lidiya Rüstəmova tibbi heyətin tərkibində Belarus cəbhəsindən Berlinədək döyüş yolu keçib. Müharibədə göstərdiyi şücaətə görə dəfələrlə orden və medallarla mükafatlandırılıb.
Səfixan Rüstəmovla ailə həyatı quran Lidiya müharibədən sonra Qubaya köçüb. Onların 6 övladı dünyaya gəlib. Lidiya Rüstəmova Azərbaycana gəldikdən sonra da tibb sahəsində fəaliyyətini davam etdirib. Həyat yoldaşı S.Rüstəmov 1970-ci ildə dünyasını dəyişib. L.Rüstəmova bu günə kimi Belarusda yaşayan bacısı və digər doğmaları ilə əlaqə saxlayır.
Müharibənin bütün ağrı-acısını yaşamış Lidiya Rüstəmova 30 nəvə, 10 nəticə və 15 kötükcə sahibidir.
Faşizm üzərində Qələbənin 75 illiyi münasibətilə mayın 9-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva Lidiya Rüstəmovanı evində ziyarət edib. Görüşdə müharibə veteranına komitə sədri Bahar Muradovanın təbrik məktubu və hədiyyələr təqdim edilib.
Görüşdə Prezident İlham Əliyev İkinci Dünya müharibəsinin ağır və çətin sınaqlarından keçmiş veteranların qayğılarına daim həssaslıqla yanaşdığı qeyd olunub. Bildirilib ki, Qələbə bayramı ərəfəsində Prezident İlham Əliyevin müharibə veteranlarına qayğının artırılması, onların sosial müdafiəsinin daha da möhkəmləndirilməsi ilə bağlı sərəncamlar imzalaması artıq ənənə halı alıb. İkinci Dünya müharibəsi illərində Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə böyük qəhrəmanlıq və igidlik nümunələri göstərdiyi, Bakı neftinin faşizm üzərində Qələbə qazanılmasında mühüm rol oynadığı qeyd edilib.
Lidiya Rüstəmova döyüş yolu xatirələrini bölüşüb, xalqımıza sülh və əmin-amanlıq arzulayıb.
Hazırda Quba rayonunda həyatda olan 3 nəfər Böyük Vətən müharibəsi iştirakçısı var. İkinci Dünya müharibəsində iştirak edən 9 min 800 qubalıdan 6 min 600 nəfəri həlak olub.