REGİONLAR


Qubalı fermer: Yetişdirdiyimiz gavalını xarici bazarlara çıxarırıq VİDEO

Kənd Təsərrüfatı Nazirliyi ilə AZƏRTAC-ın birgə layihəsi: “Kəndbəkənd”

Quba, 15 oktyabr, Elxan Yusifli, AZƏRTAC

Gavalı qulluq tələb edən meyvədir. Gavalı ağaclarının gübrəsi, dərmanlanması və ziyanvericilərə qarşı mübarizə tədbirləri vaxtlı-vaxtında aparılmalıdır. Ən əsası ağacların budanmasına xüsusi diqqət yetirilməlidir. Təsərrüfatımızdakı bağlarda damcı üsulu ilə suvarma sistemi qurulub. Bu üsul ağacların su ilə təmin olunması üçün ən səmərəli vasitədir.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Qubanın Dəlləkli kənd sakini, fermer Roman Əhmədov deyib.

Fermer son illər Quba rayonunda gavalı bağlarının salınmasına marağın artığını bildirib. Yeni salınan meyvə bağlarında alma, şaftalı, fındıqla yanaşı, gavalı da xüsusi yer tutur.

Roman Əhmədov bağların becərilməsində mütərəqqi üsullardan və müasir texnologiyadan istifadə edildiyini deyib. “Ağacların gübrələnməsini də yeni üsulla həyata keçiririk. Belə ki, gübrə əvvəlcə suya qatılır və damcı üsulu ilə su ilə birlikdə ağaclara verilir. Bu qayda məhsuldarlığın artmasına müsbət təsir göstərir”, - deyə fermer qeyd edib.

Qubalı fermer bağlarda daha məhsuldar yeni sort gavalı becərməyə üstünlük verdiyini deyib: “Becərdiyimiz gavalı sortlarından “Kiyev”, “Angelina”, “Prezident” kimi məhsuldar olanların adlarını çəkmək istərdim. Əkdiyimiz sortların yetişmə dövrü fərqlidir. Bu interval yığım zamanı işimizi tənzimləməyə kömək edir. Xarici qonaqlarımız Qubada yetişən gavalıya xüsusi maraq göstərirlər. Yetişdirdiyimz gavalını xarici bazarlara çıxarırıq”.

Gavalının müalicəvi əhəmiyyətindən danışan təsərrüfatçı bu meyvənin mədə-bağırsaq sisteminə və həzmə müsbət təsir göstərdiyini, ümumilikdə, insan sağlamlığı üçün çox faydalı olduğunu vurğulayıb.

Qeyd edək ki, hazırda Quba rayonunda 400 hektara yaxın gavalı bağı var. Bu bağların böyük hissəsi bar verir. Bu il gavalı bağlarından 2 min 300 tona yaxın məhsul əldə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.