REGİONLAR
Qubalı məktəblilər ilk dərs günü vətənpərvərlik mövzusunda sərgi ilə tanış olublar
Quba, 17 sentyabr, Elxan Yusifli, AZƏRTAC
Qubalı məktəblilər ilk dərs günü vətənpərvərlik mövzusunda sərgi ilə tanış olublar.
AZƏRTAC xəbər verir ki, sərgi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Azərbaycan Reklamçılar İttifaqı” İctimai Birliyi tərəfindən təqdim olunub. “Sosial reklam lövhələrinin regionlarda yerləşdirilməsinin yeniyetmə və gənclərin dövlətçilik ruhunda tərbiyəsindəki rolu” layihəsi çərçivəsində vətənpərvərlik mövzusunda keçirilən müsabiqələrdə qalib olmuş əsərlər Quba və Lənkəran rayonlarında böyük ölçülü reklam lövhələri üzərində yerləşdirilib.
Yeni tədris ilinin ilk günündə Quba şəhər Azad Məmmədov adına 2 nömrəli təbiət fənləri təmayüllü məktəbdə sərginin təqdimatı keçirilib. Müəllim və şagird kollektivi ilk dərsdən öncə məktəbin foyesində təşkil olunan sərgi ilə tanış olublar.
Vətənpərvərlik mövzusunda sərginin təqdimatında “Azərbaycan Reklamçılar İttifaqı” İB-nin İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Afaq Quliyeva layihənin sosial aktuallıq kəsb edən vətənpərvərlik hissinin artırılması sahəsində dövlət tərəfindən aparılan ideoloji işin tərkib hissəsi olduğunu diqqətə çatdırıb.
İB-in sədri Hacıəmi Atakişiyev layihənin əhəmiyyətindən danışaraq tədbirin əsas məqsədinin torpaqlarımızın düşmən tapdağından azad olunması yolunda əhali arasında vətənpərvərlik hissinin yüksəldilməsi, respublikamızın haqlı mövqeyinin təbliği olduğunu bildirib. “Bu layihə əsasən uşaqlara, yeniyetmələrə və gənclərə ünvanlanıb. Ölkə başçımız İlham Əliyev bütün çıxışlarında bildirir ki, uşaqlar və gənclər vətənpərvərlik ruhunda tərbiyə edilməlidirlər. Onlar milli dəyərlərimizi hər şeydən üstün tutmağı bacarmalıdırlar. Bizim layihəmiz də məhz bu məqsədə xidmət edir”.
İB İdarə Heyətinin üzvü, Xalq Rəssamı Arif Hüseynov məktəbliləri əməkdaşlığa dəvət edib. “Sərgi ilə yaxından tanış olandan sonra sizin də maraqlı təklifləriniz olacaq. Yeniyetmə və gənclərdə vətənpərvərlik hissinin artırılması üçün gələn təkliflər bizim üçün çox böyük əhəmiyyət daşıyır. Bu bizə imkan verir ki, hadisələrə siz məktəblilərin gözü ilə baxmaq imkanı yaradır ”.
Tədbir zamanı “Azərbaycan Reklamçılar İttifaqı” İB-nin sədri Hacıəmi Atakişiyevin müəllifi olduğu “Kainat və İnsan” əsəri məktəb kitabxanasına hədiyyə olunub.
Sərgi Quba şəhər Azad Məmmədov adına 2 nömrəli təbiət fənləri təmayüllü məktəbdə bir həftə nümayiş etdiriləcək.