REGİONLAR
Qubalı rəssam Ulu Öndərin portretini hazırlamaq üçün 17 min akril şüşə parçasından istifadə edəcək VİDEO
Quba, 22 fevral, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz şəhərinin park və xiyabanlarını bəzəyən kinetik heykəllər, mozaik kompozisiyalar, irihəcmli portretlər göz oxşayır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tək Xaçmazın deyil, eləcə də digər şimal bölgəsindəki rayonların istirahət və mədəniyyət mərkəzlərini bəzəyən müxtəlif kinetik heykəllərin, irihəcimli monumental kompozisiyaların müəllifi rəssam Elman Eyyubovdur. Qubada yaşayan Elman Eyyubov rayon Uşaq-Gənclər İnkişaf Mərkəzində şagirdlərə rəssamlığın sirlərini öyrədir.
Elman Eyyubov bildirir ki, rəssamlığa səkkiz yaşından maraq göstərib. Təsviri incəsənətin rəssamlıq, daş üzərində oyma, kinetik heykəltəraşlıq növləri ilə məşğul olur. Son on ildə isə mozaika üsulu ilə irihəcmli kompozisiyaların hazırlanmasına daha çox vaxt ayırır. Akril şüşə parçaları və yapışdırıcılar vasitəsilə hazırlanan kompozisiyaların ərsəyə gəlməsinə təxminən 4-5 ay vaxt sərf olunur. Bu iş rəssamlıq bacarığı ilə yanaşı, diqqət və səbir də tələb edir.
Sənətkar hazırda ulu öndər Heydər Əliyevin portreti üzərində işləyir. Xaçmaz şəhərinin girişində qurulacaq kompozisiyanın bir hissəsi olacaq portretin hazırlanması üçün 17 min müxtəlif rəngli akril şüşə parçasından istifadə ediləcək. Portretin ümumi sahəsi 56 kvadratmetrdir.