REGİONLAR
Qubalı şagirdlər ümummilli lider Heydər Əliyevin zəngin irsinin tədris olunduğu açıq dərslərdə fəal iştirak edirlər VİDEO
Quba, 28 noyabr, AZƏRTAC, Elxan Yusifli
Noyabrın 18-dən başlayaraq Qubadakı Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin zəngin irsinin daha dərindən öyrənilməsi məqsədilə açıq tarix dərsləri keçirilir. Ümumtəhsil məktəblərinin XI sinif şagirdləri üçün keçirilən dərslərdə tarix müəllimləri müəyyən olunmuş mövzular üzrə məruzə ilə çıxışlar edirlər.
AZƏRTAC xəbər verir ki, may ayınadək davam edəcək açıq dərslərdə Quba rayonunun ümumtəhsil məktəblərində təhsil alan 1400 şagirdin iştirakı nəzərdə tutulub. Şagirdlərə “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın memarı və qurucusudur” və “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanının sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzularını əhatə edən dərslər tədris olunur.
Dərslərdən əlavə, Heydər Əliyev Mərkəzinə gələn şagirdlərə Ümummilli Liderin həyat və fəaliyyəti, xalqımız qarşısındakı xidmətləri barədə zəngin məlumatlar verilir. Tədris prosesində şagirdlər, həmçinin Ümummilli Liderin həyat və fəaliyyətinə dair sənədli filmlərə baxırlar.