REGİONLAR
Qubanın 3 kəndində su təchizatı sistemi yenilənib VİDEO
Quba, 28 avqust, Elxan Yusifli, AZƏRTAC
Quba rayonunun Talabı inzibati ərazi dairəsində yerləşən 3 kəndin su təchizatı sistemi yenilənib və yaşayış məntəqəsi təmiz, içməli su ilə təmin olunub. Tikinti işləri Yaponiya hökumətinin yardımı çərçivəsində “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı” proqramı vasitəsilə həyata keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, avqustun 28-də “Quba rayonunun Talabı kəndində su təchizatı sisteminin tikintisi” layihəsinin icrasının başa çatması münasibətilə təşkil olunan mərasimdə Yaponiyanın Azərbaycandakı səfiri Teruyuki Katori, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, Milli Məclisin deputatı Vahid Əhmədov, rayon ictimaiyyətinin nümayəndələri və kənd sakinləri iştirak ediblər.
Mərasimdə bildirilib ki, su təchizatının yenilənməsi nəticəsində Talabı, Xaroşa və Töhmər kəndlərinin, ümumilikdə, 1200 yaxın sakini içməli su ilə təmin olunub. Bunun üçün bir ədəd artezian quyusu qazılıb, iki ədəd 24 tonluq su çəni quraşdırılıb. Ərazidə bulaq kompleksi tikilərək 4 məhəlləyə su bölgüsü aparılıb. Layihənin icrası üçün qrant yardımı çərçivəsində 89 min ABŞ dolları vəsait sərf olunub.
Yaponiyanın Azərbaycandakı səfiri Teruyuki Katori qeyd edib ki, ölkəsi ilə Azərbaycan arasında bir çox sahələrdə sıx əməkdaşlıq əlaqələri mövcuddur. Yaponiya hökuməti Azərbaycan Respublikasının davamlı inkişafında maraqlıdır və ölkənin infrastrukturunun, insan resurslarının daha da inkişaf etdirilməsinə daim dəstək verir.
Bu, Quba rayonunda eyni proqram çərçivəsində həyata keçirilən sayca beşinci layihədir. İndiyədək proqram çərçivəsində ölkə ərazisində icra edilən 248 layihənin ümumi dəyəri 20 milyon ABŞ dolları təşkil edir.