REGİONLAR


Qubanın Amsarqışlaq kəndində yeni yol istifadəyə verilib, istirahət parkının tikintisinə başlanılıb VİDEO

Quba, 30 aprel, Elxan Yusifli, AZƏRTAC

Aprelin 30-da Qubanın Amsarqışlaq kəndinin yolu əsaslı şəkildə yenidən qurularaq sakinlərin istifadəsinə verilib. Bununla yanaşı, kənddə yeni istirahət parkının tikintisinə başlanılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yenidən qurulan yerli əhəmiyyətli yol 4-cü texniki dərəcəyə uyğun inşa edilib. Yenidənqurma işləri çərçivəsində yeni yol yatağı salınıb. Yola 6 metr enində yüksək keyfiyyətli asfalt örtüyü döşənib.

Quba-Xaçmaz avtomobil yolundan Amsarqışlaq kəndinə gedən yol bundan öncə torpaq və çınqıl örtüklü olduğundan sözügedən yolda xüsusən payız-qış mövsümündə avtomobillərin hərəkəti xeyli çətinləşirdi. Problemlə bağlı vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq, 3,5 kilometrlik yol əsaslı şəkildə yenidən qurulub.

Yolun açılış mərasimində bildirilib ki, Amsarqışlaq kəndinə yeni avtomobil yolunun çəkilməsi ilə yaşayış məntəqəsində yaşayan mindən çox əhalinin Qubanın rayon mərkəzinə rahat və maneəsiz gediş-gəlişi təmin olunub. Yolun istifadəyə verilməsi yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsini yaxşılaşdırmaqla yanaşı, bölgədə kənd təsərrüfatının inkişafında da mühüm rol oynayacaq.

Mərasimdə kənddə tikiləcək yeni istirahət parkının layihəsi də təqdim olunub. Vətən müharibəsi şəhidi Ömər Mustafayevin adını daşıyacaq parkda sakinlərin asudə vaxtlarını keçirmələri üçün hər bir şərait yaradılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.