REGİONLAR
Qubanın Amsarqışlaq kəndinin yoluna asfalt döşənir
Quba, 20 aprel, Elxan Yusifli, AZƏRTAC
Qubanın Amsarqışlaq kəndinin yoluna asfalt döşənməsinə başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əsaslı şəkildə yenidən qurulan yerli əhəmiyyətli yol 4-cü texniki dərəcəyə uyğun inşa edilib. Yenidənqurma işləri çərçivəsində yeni yol yatağı salınıb. Hazırda yola 6 metr enində yüksək keyfiyyətli asfalt örtüyü döşənir.
Quba-Xaçmaz avtomobil yolundan Amsarqışlaq kəndinə gedən yol bundan öncə torpaq və çınqıl örtüklü olduğundan sözügedən yolda xüsusən payız-qış mövsümündə avtomobillərin hərəkəti xeyli çətinləşirdi. Problemlə bağlı vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq, 3 kilometrlik yol əsaslı şəkildə yenidən qurulur.
Amsarqışlaq kəndinə yeni avtomobil yolunun çəkilməsi ilə yaşayış məntəqəsində yaşayan mindən çox əhalinin Qubanın rayon mərkəzinə rahat və maneəsiz gediş-gəlişi təmin olunacaq. Yolun istifadəyə verilməsi yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsini yaxşılaşdırmaqla yanaşı, bölgədə kənd təsərrüfatının inkişafında da mühüm rol oynayacaq.