REGİONLAR


Qubanın Çartəpə kəndində şəhid Ürfan Məmmədovun xatirəsi əbədiləşdirilib

Quba, 28 iyun, Elxan Yusifli, AZƏRTAC

Qubanın Çartəpə kəndində torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan gizir Məmmədov Ürfan Çingiz oğlunun xatirəsini əbədiləşdirmək məqsədilə bulaq kompleksi istifadəyə verilib. Kompleksdə Ürfanla yanaşı, Birinci Qarabağ savaşında şəhid olan Vətən övladlarının da xatirə lövhəsi yer alıb.

Kompleksin açılış mərasimində Quba Rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, anım mərasimində çıxış edənlər Vətən müharibəsində qazanılan şanlı Zəfərdən, Ürfan Məmmədovun döyüşlərdə göstərdiyi qəhrəmanlıqdan danışıblar.

Ürfan Məmmədov 1994-cü il iyunun 28-də Çartəpə kəndində anadan olub. 2017-ci ildən ordu sıralarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi fəaliyyət göstərib.

Qəhrəman gizir Vətən müharibəsində Suqovuşan və Talış istiqamətində döyüşlərə qatılıb. Ürfan Məmmədov sentyabrın 28-də Talış kəndində şəhidlik zirvəsinə ucalıb.

Ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Ürfanın əmisi Mais Məmmədov da Birinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalıb.

Mərasimdə çıxış edənlər 44 günlük Vətən müharibəsində ordumuzun qazandığı tarixi Qələbədən söz açıblar. Bildirilib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman hərbçilərimiz qanları, canları bahasına torpaqlarımızı azad ediblər. Bu amal uğrunda şəhid olan qəhrəmanların xatirəsi xalqımızın qəlbində hər zaman yaşayacaq.

Çıxış edən şəhid valideynləri və kənd ağsaqqalları Ürfanın keçdiyi döyüş yolundan, yüksək vətənpərvərlik hissindən danışıblar. Bildirilib ki, şəhidlərimizin xatirəsini yad etmək, onların ailələrinə hörmətlə yanaşmaq hər birimizin vətəndaşlıq borcudur.

Tədbirdə məktəblilər şəhidlərimizə həsr edilən şeirlər səsləndiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.