REGİONLAR
Qubanın Küpçal kəndində eneolit dövrünə aid qəbirlər aşkarlanıb VİDEO
Quba, 10 noyabr, Elxan Yusifli, AZƏRTAC
Quba rayonunun Küpçal kəndində eneolit dövrünə aid olduğu ehtimal edilən qədim qəbirlər aşkarlanıb. Qəbirlər Quba-Küpçal-Küsnət avtomobil yolunun genişləndirilməsi zamanı təsadüfən üzə çıxıb.
Küpçal kənd tam orta məktəbinin direktoru, tarixçi Mömin Əliyev AZƏRTAC-a bildirib ki, qəbirlərin eradan əvvəl VI—IV minillikləri əhatə edən eneolit dövrünə aid olduğunu sübut edən bir sıra xarakterik xüsusiyyətlər mövcuddur. Bunlardan ən əsası aşkarlanan qəbirlərin bir-birinə yaxın məsafədə yerləşməsi və ərazidə ocaq izlərinin qalmasıdır. Tarixçinin sözlərinə görə, məhz həmin dövrdə qəbilələr çiy kərpic və samandan tikilən dairəvi möhrədə, ocaq ətrafında yaşayırdılar. Qəbilə üzvləri öldükdə isə elə möhrənin içərisində dəfn olunurdular. Aşkarlanan qəbirlərin divarları o dövr üçün xarakterik formada enli çay daşlarından hörülüb. Təsadüfən üzə çıxan qəbirlərin sayı ona yaxındır.
Mömin Əliyev qədim dövrlərdə burada yaşayan insanların dulusçuluqla məşğul olduğunu güman edir. Lakin qədim yaşayış yerinə tam tarixi qiymət verilməsi üçün daha dəqiq araşdırmaya və arxeoloji qazıntı işlərinə ehtiyac var. Hazırda qəbirlər yerli əhali tərəfindən mühafizə olunur. Küpçal kəndində aşkarlanan qədim qəbirlərin araşdırılması və mühafizəsi ilə bağlı müvafiq dövlət qurumlarına müraciət ediləcək.
Küpçal kəndi Quba rayonunun ən qədim yaşayış məskənlərindən hesab olunur. Kəndin adının türk dillərindəki keçilməz yer, sıldırım, dik qaya mənasını verən “qapcal” sözündən götürüldüyü ehtimal olunur. Digər mənbələrdə isə kəndin adının qədim türk xalqlarından olan qıpçaqlarla bağlı olduğu göstərilir.