REGİONLAR
Qubanın Səbətlər kəndində şəhidlərin xatirəsi əbədiləşdirilib
Quba, 30 iyun, Elxan Yusifli, AZƏRTAC
İyunun 30-də Quba rayonunun Səbətlər kəndində şəhidlərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə inşa edilən xatirə kompleksinin açılışı olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kompleksdə Səbətlər kəndindən olan 44 günlük Vətən müharibəsinin və Birinci Qarabağ savaşının şəhidlərinin xatirə lövhələri yer alır.
Açılış mərasimində Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Mərasimdə çıxış edənlər 44 günlük Vətən müharibəsində ordumuzun qazandığı tarixi Qələbədən söz açıblar. Bildirilib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman hərbçilərimiz qanları, canları bahasına torpaqlarımızı azad ediblər. Bu amal uğrunda şəhid olan qəhrəmanların xatirəsi xalqımızın qəlbində hər zaman yaşayacaq.
Tədbirdə çıxış edənlər şəhidlərimizin döyüş yollarından, onlarda olan yüksək vətənpərvərlik hisslərindən danışıblar. Bildirilib ki, şəhidlərimizin xatirəsini yad etmək, onların ailələrinə hörmətlə yanaşmaq hər birimizin vətəndaşlıq borcudur.
Mərasimdə çıxış edən şəhid anaları ölkəmizdə müharibə iştirakçılarına, şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısını yüksək dəyərləndirərək, kompleksin tikintisində əməyi olan insanlara minnətdarlıqlarını bildiriblər.
Tədbirdə məktəblilər şəhidlərimizə həsr edilən şeirlər səsləndiriblər.