REGİONLAR
Qubanın Tülər kənd ümumi orta məktəbində yanğın baş verib
Quba, 13 dekabr, Elxan Yusifli, AZƏRTAC
Dekabrın 13-ü günorta saatlarında Quba rayonunun Tülər kənd ümumi orta məktəbində yanğın baş verib.
Quba Rayon Təhsil Şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, yanğın baş verərkən məktəbin ikinci növbəsində II və III siniflərində təhsil alan 21 şagird təcili təxliyə olunub, heç bir uşaq xəsarət almayıb. Məktəb rəhbərliyi tərəfindən dərhal Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin şimal regional idarəsinə məlumat verilib. Yanğının söndürülməsi üçün əraziyə 2 yanğınsöndürən maşını və canlı qüvvə cəlb olunub. Yanğın söndürülüb və onun daha geniş əraziyə keçməsinin qarşısı alınıb. İlkin məlumata görə, məktəbin 250 kvadratmetrlik sahədə dam örtüyü yanıb. Məktəbin birinci mərtəbəsi yanğından mühafizə olunub.
Tülər kənd ümumi orta məktəbində 100 şagird təhsil alır, 16 müəllim və 8 texniki işçi çalışır. Yanğınla əlaqədar bu məktəbdə təhsil alan şagirdlərin yaxınlıqdakı Aşağı Tüləkəran kənd tam orta məktəbində tədrisə cəlb olunması nəzərdə tutulur.
Yanğının səbəbləri araşdırılır.