REGİONLAR
Qubanın Zərdabi qəsəbəsi keyfiyyətli içməli su ilə təmin olunub VİDEO
Quba, 29 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Oktyabrın 29-da “Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən Quba rayonunun Zərdabi qəsəbəsində su təchizatının yaxşılaşdırılması məqsədilə iki yeni subartezian quyusu istismara verilib.
AZƏRTAC xəbər verir ki, quyulardan götürülən su 5 və 7 kilometr uzunluğunda olan iki magistral kəmərlə qəsəbəyə çatdırılır. Bu layihə 3 min 900 nəfərin içməli su təchizatının yaxşılaşdırılmasına hesablanıb. Su təchizatının dayanıqlılığını təmin etmək üçün hər birinin tutumu 16 kubmetr olan iki su çəni də quraşdırılıb.
Bu münasibətlə keçirilən mərasimdə çıxış edən “Azərsu” ASC-nin “Birləşmiş Sukanal” Məhdud Məsuliyyətli Cəmiyyətinin sədri Etibar Məmmədov ölkəmizin hər bir yaşayış məntəqəsinin keyfiyyətli və fasiləsiz içməli su ilə təmin olunmasının Prezident İlham Əliyev tərəfindən prioritet məsələ kimi müəyyənləşdirildiyini diqqətə çatdırıb. Qarşıya qoyulan məqsədə çatmaq üçün “Azərsu” ASC tərəfindən Bakı şəhəri və regionlarda əhalinin içməli su təchizatının yaxşılaşdırılmasına yönələn bir çox layihələr reallaşdırılır.
E.Məmmədov bildirib ki, Quba rayonunun Zərdabi qəsəbəsini içməli su ilə təmin edən subartezian quyuları istismara yararlı olmadığından, yeni quyuların qazılması qərara alınıb. İşlər qısa müddətdə başa çatdırılıb və qəsəbəyə yeni subartezian quyularından içməli suyun verilməsi təmin edilib.
Uzun illərdir su çatışmazlığından əziyyət çəkən qəsəbə sakinləri mərasimdə çıxış edərək, əhalinin sosial problemlərinin həllinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.