REGİONLAR
Qubanın daha bir kəndində yeni məktəb binası inşa olunur VİDEO
Quba, 25 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Quba rayonunun daha bir kəndində yeni məktəb binası inşa olunur. Birinci Nügədi kəndində tikilən 792 şagird yerlik, üçmərtəbəli məktəb binası gələn il istifadəyə veriləcək.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Zəki Kərimov adına Birinci Nügədi kənd tam orta məktəbi üçün yeni binanın tikintisinə iyundan başlanılıb. 3500 kvadratmetr sahəni əhatə edən binanın hazırda üçüncü mərtəbəsi və köməkçi tikililər inşa olunur.
İş icraçısı Məhsim Ramazanov bildirib ki, binada 44 sinif, 5 laboratoriya, gənclərin çağırışaqədər hazırlığı, əmək təlimi və kompüter otaqları, idman, 396 yerlik akt zalı, kitabxana və 200 yerlik yeməkxana olacaq.
Beş korpusdan ibarət təhsil müəssisəsi müasir istilik və işıqlandırma sistemi ilə təchiz ediləcək. Yeni məktəb binasının həyətində qazanxana və su çənləri də tikiləcək.
Qeyd edək ki, yeni tədris ilinin əvvəlində Quba rayonunda 8 modul tipli və şəhid Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta məktəbinin 960 şagird yerlik binası məktəblilərin istifadəsinə verilib.