REGİONLAR


Qubanın turizm imkanlarını genişləndirən avtomobil yolu yenidən qurulur

Bakı, 15 may, AZƏRTAC

Quba rayonunda 68 min nəfər əhalinin yaşadığı 66 yaşayış məntəqəsini birləşdirən Quba-Qonaqkənd avtomobil yolu yenidən qurulur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, 3-cü və 4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulan avtomobil yolunun uzunluğu 46 kilometrdir. Müvafiq olaraq yolun torpaq yatağı 12 və 10 metr, hərəkət hissəsi isə 7 və 6 metr təşkil edir. Avtomobil yolu uzun müddət əsaslı təmir olunmadan istismar edildiyindən yolun hərəkət hissəsində əmələ gələn qabarmalar, çalalar nəqliyyat vasitələrinin hərəkəti üçün çətinliklər yaradırdı. Layihə çərçivəsində mövcud örtük sökülərək kənara daşınıb, yararsız qruntun qazılaraq çıxarılması, əvəzinə yararlı material tökülərək kipləşdirilməsi işləri görülüb, bəzi yerlərdə yolun normativ eninin alınması üçün dağ yamaclarının qaya tipli süxurları kəsilərək çıxarılıb və torpaq yatağı genişləndirilərək tələb olunan hündürlüyə qaldırılıb, lazımi yerlərə su ötürücü boruların quraşdırılması çərçivəsində 46 ədəd müxtəlif diametrli metal, azbest və dəmir-beton suötürücü borular quraşdırılaraq izolyasiya olunub.

Hazırda Quba-Qonaqkənd avtomobil yolunda əsasın tikintisi və asfalt-beton örtüyün salınması işləri həyata keçirilir. Bunun üçün 450 min kvadratmetr sahədə əsasın alt və üst layı müvafiq olaraq 45 və 16 santimetr hündürlükdə qum qırmadaş və optimal qum-çınqıl qarışığı ilə tikilir. Yolboyu əsasın alt layının tikintisi yekunlaşmaq üzrədir. Yolun 24 kilometrlik hissəsində isə hər iki layın tikintisi işləri yekunlaşdırılaraq asfaltlanma işlərinə başlanılıb. Əlaqələndirici bitum səpilməklə yola iri və xırda dənəli asfalt-beton qarışığından örtük salınır. Artıq yolun 12 kilometrlik hissəsinin asfaltlanması işləri bitib. Hazırda digər 12 kilometrlik hissədə işlər aparılır.

Yolboyu mövcud küvetlər tam dolduğu üçün, həmçinin yolun yuxarı maillik olan hissələrində atmosfer sularının istiqamətləndirilməsi üçün 5 min poqonmetr uzunluğunda yeni dəmir-beton küvetlər inşa olunur, avtonəqliyyat vasitələrinin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə istinad divarları tiklir, təhlükəli yerlərdə yol kənarına dəmir-beton qoruyucu bloklar düzülür.

Layihə çərçivəsində yolun 35, 36 və 41-ci kilometrlik hissəsində kiçik dağ çayları üzərində hər birinin uzunluğu 26 və 27 metr olan bir aşırımlı 3 körpü inşa edilib. Hazırda yolun 43 və 46-cı kilometrlik hissəsində Babaçay və Cimiçay üzərində yeni körpülər inşa olunur. Babaçay üzərindən salınan körpünün uzunluğu 126 metr, Cimiçay üzərindəki körpünün uzunluğu isə 80 metrdir. Hər iki körpünün ətrafında müvafiq olaraq 280 və 160 metr uzunluğunda su nizamlayıcı və sahil bərkidici dəmir-beton istinad divarları tikilir.

Yolun yenidən qurulması əhalinin gediş-gəlişini asanlaşdırmaqla yanaşı, həm də onların tədarük etdikləri kənd təsərrüfatı məhsullarını və meyvə-tərəvəzi qısa vaxtda istədikləri ünvanlara çatdırmağa imkan yaradacaq. Bu yolun çəkilişinin Quba rayonunun turizm imkanlarını genişləndirəcəyi gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.