Qubanın ucqar dağ kəndində 300-ə yaxın abonent ilk dəfə təbii qazla təmin olunacaq
AzerTAg.az

Quba, 2 fevral, Elxan Yusifli, AZƏRTAC
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Quba rayonunun Cimi kəndinin qazlaşdırılmasına başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tikinti işləri yekunlaşdıqdan sonra ucqar dağ kəndində 300-ə yaxın abonent yüksəktəzyiqli təbii qazla təmin olunacaq.
Kəndin qazlaşdırılması üçün Qonaqkənd qəsəbəsindən polietilen borularla 8 min 500 metr uzunluğunda daşıyıcı xətt çəkilib. Hazırda isə müxtəlif diametrli polad borularla birpilləli sistem əsasında ümumi uzunluğu 4360 metr olan məhəllədaxili qaz xətləri çəkilir. Kənddə qazlaşma işlərinin 60 faizi yekunlaşıb.
“Azəriqaz” İB-nin Xaçmaz Regional Qaz İstismarı İdarəsindən bildirilib ki, bu ildən Qubanın Aşağı Xanəgah kəndinin sakinləri də ilk dəfə “mavi yanacaq”dan istifadə edəcək. Kənddə qazlaşdırma işləri yekunlaşıb. Yaxın günlərdə 35 abonent yüksəktəzyiqli təbii qazla təmin olunacaq.
Xaçmazın Maqsudkənd və Şabranın Ərəblər kəndlərinin qazlaşdırılması işləri isə yekunlaşıb. Maqsudkənddə 180, Ərəblərdə isə 52 abonentin təbii qazla təmin olunması üçün son tamamlama işləri aparılır.
Bundan başqa, Xızının Giləzi qəsəbəsində, Qubanın Barlı, Siyəzənin isə Böyük Həmyə kəndlərində yeni yaşayış massivlərinin qazlaşdırılması işləri də aparılıb. Hazırda evlər təbii qazın verilməsi üçün müvafiq dövlət qurumları ilə son hazırlıqlar həyata keçirilir.
Xəbərin mətnində orfoqrafik səhv var