CƏMİYYƏT
Qubernator Şota Rexviaşvili: Jurnalistlər Azərbaycan ilə Gürcüstan arasında əlaqələrin inkişafına töhfə verirlər
Tbilisi, 19 mart, AZƏRTAC
Gürcüstanın Kvemo Kartli bölgəsinin qubernatoru Şota Rexviaşvili martın 19-da bu ölkədə fəaliyyət göstərən gürcü və azərbaycanlı jurnalistlərlə görüşüb.
AZƏRTAC xəbər verir ki, 21 mart - Gürcüstan Jurnalistika Gününə həsr olunmuş görüşdə çıxış edən qubernator kütləvi informasiya vasitələrinin nümayəndələrini təbrik edib, cəmiyyətin inkişafında medianın rolunu xüsusi vurğulayıb. Bildirib ki, bu gün Gürcüstan ilə Azərbaycan arasında münasibətlər çox yüksək səviyyədədir. Əlaqələrimizin belə yüksək səviyyəyə çatmasında jurnalistlər mühüm rol oynayırlar.
Qubernator Gürcüstanda, eləcə də azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli bölgəsində bütün vacib sahələrin inkişafında gürcü və azərbaycanlı jurnalistlərin böyük rolu olduğunu bildirərək deyib: “Jurnalistlərin Gürcüstanda, eləcə də regionda baş verən yenilikləri, həmçinin bölgənin gündən-günə inkişafını obyektiv işıqlandırmaları bizim üçün çox əhəmiyyətlidir. Hesab edirəm ki, ölkəmizdə gürcü jurnalistikası və Azərbaycan dilli jurnalistika səmərəli fəaliyyət göstərir”.
Kvemo Kartli bölgəsinin qubernatoru azərbaycanlı jurnalistləri və Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi