SİYASƏT
Qüdrət Hacıyev: Azərbaycan diasporu yeni inkişaf mərhələsinə çatıb
Kiyev, 29 dekabr, AZƏRTAC
Azərbaycanın xaricdə yaşayan diaspor fəallarının vahid bir amal ətrafında birləşdirilməsi istiqamətində əldə olunan nailiyyətlər ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün Heydər Əliyevin müəyyənləşdirdiyi ümummilli inkişaf strategiyasını müvəffəqiyyətlə həyata keçirən Azərbaycan Prezidenti İlham Əliyev diasporumuzun formalaşdırılması sahəsində nailiyyətləri yeni inkişaf mərhələsinə qaldırıb.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Prezident İlham Əliyevin Sərəncamı ilə “Tərəqqi” medalına layiq görülmüş Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Dnepropetrovsk vilayət təşkilatının sədri Qüdrət Hacıyev deyib.
Q.Hacıyev bildirib ki, dövlətimizin başçısının uzaqgörən, praqmatik fəaliyyəti həmvətənlərimizin təşkilatlanması, onlar arasında ideya-mənəvi birliyin daha da möhkəmləndirilməsi, diaspor quruculuğu işinin müvəffəqiyyətlə həyata keçirilməsi baxımından çox böyük əhəmiyyətə malikdir. “Mənə göstərilən diqqətə görə Prezidentimizə dərin təşəkkürümü bildirirəm. Bu, bizi fəaliyyətimizdə daha məsuliyyətli olmağa sövq edir”, - deyə o əlavə edib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev