SİYASƏT


Qüdrətli Azərbaycan və Türkiyə iki xalqın qardaşlıq hekayəsidir

Ankara, 28 oktyabr, AZƏRTAC

Oktyabrın 29-da Türkiyə Respublikasının milli bayramı – Respublika Günü qeyd olunur. Artıq 98 ildir ki, qəhrəman türk xalqı bu günü böyük təntənə ilə qeyd edir və Cümhuriyyətin 100 iliyinə böyük inamla hazırlıq işləri görülür.

AZƏRTAC xəbər verir ki, Respublika Günü münasibətilə oktyabrın 29-da Türkiyədə bayram tətili olacaq. Türkiyə Respublikasının banisi, qazi Mustafa Kamal Atatürkün əziz xatirəsi ehtiramla anılacaq, ölkə üzrə təntənəli təbirlər keçiriləcək.

Respublika Gününün qəhrəman türk xalqının öz dövlətçiliyi uğrunda apardığı çətin və şərəfli mübarizənin nəticəsi olaraq qazanılıb.

Birinci Dünya müharibəsində məğlubiyyət anlaşmalarını qəbul etmək məcburiyyətində qalan Osmanlı İmperatorluğunun çökməsi türk xalqını çətin sınaqlar qarşısında qoymuşdu. Belə bir şəraitdə qazi Mustafa Kamal Paşanın ətrafında sıx birləşən türk xalqı milli azadlıq mübarizəsinə qoşulmuş və ardıcıl şəkildə işğalçı düşmənlərin hiylə və təxribatlarını dəf etməkdə idi. Beləliklə, düşmən qüvvələrinin cəbhə xətlərində sıxışdırılması türk xalqının siyasi müqəddəratı üçün yeni şanslar yaratmağa başladı. 1923-cü il oktyabrın 24-də imzalanan Lozanna sülh anlaşması yeni türk dövlətinin müstəqilliyinin qəbul edilməsi ilə nəticələndi. Sonrakı beş gündə Türkiyə Respublikasının qurulması və yeni hökumətin formalaşması üçün bir-birinin ardınca mühüm addımlar atıldı.

Mustafa Kamal Paşa 1923-cü il oktyabrın 28-də Çankaya köşkündə silahdaşları ilə bir araya gələrək süfrə arxasında yeni hökumət barədə müzakirələr apardı. İlk hökumətin qurulması İsmət İnönüyə, Türkiyə Böyük Millət Məclisinə sədrlik isə Fethi Okyara həvalə edilir.

Qəhrəman və mübariz türk xalqı oktyabrın 29-da gecə və ertəsi gün Cümhuriyyətin qurulması barədə elanı coşqu ilə qarşılayıb. Bu təntənə milli birlik mesajı olaraq bir daha türk torpaqlarına diş qıcayaq düşmən qüvvələrinə gözdağı verib. Cümhuriyyətin qurulmasının birinci ildönümü münasibətilə 1924-cü il oktyabrın 26-da toplardan 101 yaylım atəşi açılıb.

1925-ci il aprelin 18-də qəbul edilmiş qanun əsasında 29 oktyabr tarixi Türkiyənin Milli Bayramı - Respublika Günü olaraq qəbul edilir.

Ötən 98 ildə çətin və ağır dövlətçilik yolu keçən Türkiyə hərbi çevrilişlər, siyasi qətllər, terror kabusu kimi amansız düşmənlərə qarşı mətanətlə davam gətirib. Azərbaycanın 1991-ci ildə dövlət müstəqilliyini bərpa etməsi Türkiyə Respublikasının dövlətçilik tarixində yeni üfüqlər açıb. Müstəqilliyin bərpasının ilk illərində Ermənistanın əsassız torpaq iddiaları yaranan müharibə Türkiyə-Azərbaycan münasibətlərindəki inkişaf strategiyasını uzun illər əngəlləyib. Azərbaycan xalqının təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışı mənfur planları pozdu. Ulu Öndərimizin böyük qətiyyəti ilə Azərbaycanın parçalanması, dövlətimiz üçün yaranmış real təhlükələr aradan qaldırıldı.

İftixar edirik ki, ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf siyasəti Azərbaycanın və Türkiyənin birgə yüksəliş strategiyasına çevrilib. Hazırda dünya ölkələrində enerji böhranı yaşandığı bir vaxtda qardaş Türkiyə enerji məhsullarının tranzit nəqletmə mərkəzi kimi tanınır və qəbul edilir. Avrasiyanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın və Türkiyənin liderliyi ilə həyata keçirilən beynəlxalq səviyyəli layihələr həlledici gücə malikdir. Azərbaycanın karbohidrogen ehtiyatlarının Türkiyə üzərindən Avropaya nəqli iki qardaş ölkə üçün özünəməxsus iqtisadi-siyasi üstünlüklər yaradıb.

...Ermənistanın təcavüzkar siyasəti və mövcud işğal illər uzunu Azərbaycan və Türkiyə üçün ciddi maneəyə çevrilsə də, iki qardaş ölkənin birgə inkişaf strategiyası müəyyən edilmiş hədəflərə çatıb və yeni-yeni perspektivli layihələrə təməl yaradıb. Ermənistanın hərbi təxribatları səbəbindən ötən il sentyabrın 27-də başlanıb 44 gün davam edən Vətən müharibəsinin rəşadətli nəticəsi isə qeyd etdiyimiz inkişaf strategiyasına yeni bir stimul verib. Bəli, Türkiyə Respublikasının milli bayramı – Respublika Günü ərəfəsində Azərbaycana edilən tarixi səfər özündə bir sıra mənəvi dəyərləri ehtiva edir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana bu səfəri Prezident İlham Əliyevlə birlikdə Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirakı, iki liderin görüşləri və Şərqi Zəngəzurdan dünyaya verdikləri mesajlar, ali qonağa göstərilən yüksək diqqət və qonaqpərvərlik bir daha beynəlxalq ictimaiyyətə, eləcə də əsrlər boyu öz irqçiliklərinin qurbanına çevrilən məzlum ermənilərə nümayiş etdirdi ki, iki qardaş ölkənin həmrəyliyi və əməkdaşlığı sülhə, sabitliyə, inkişaf və tərəqqiyə xidmət edir. Günümüzün gerçəkləri təsdiq edir ki, Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün söylədiyi “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir!”, ümummilli lider Heydər Əliyevin ifadə etdiyi “Bir millət, iki dövlət!” kəlamları nəsillərə örnək olan real həyat hekayələridir. Ulu öndərlərin rəhbərliyi ilə həyata keçirilən həyat hekayələrinin real nəticəsi bugünkü güclü və qüvvətli Azərbaycan-Türkiyə qardaşlığıdır. Azərbaycan Prezidenti İlham Əliyevin ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dostluq və qardaşlıq münasibətləri, eləcə də dövlət başçılarının liderlik xüsusiyyətlərindəki oxşar cəhətlər, o cümlədən qətiyyət, qərarlılıq və sarsılmaz siyasi iradənin yaratdığı real nəticələr iki doğma xalqın milli sərvətinə çevrilib.

Məqalənin sonunda böyük məmnuniyyətlə Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Prezident Rəcəb Tayyib Ərdoğana ünvanlandığı 26 oktyabr 2021-ci il tarixli təbrik məktubundan mühüm bir məqamla tamamlamaq istərdik. Məktubda yazılır: “Xalqlarımızın ortaq tarixi və milli-mənəvi dəyərləri kimi möhkəm təməllər üzərində dayanan Azərbaycan-Türkiyə dostluq və qardaşlıq əlaqələri birliyimizin və həmrəyliyimizin bariz ifadəsidir. Hazırda bu əlaqələrin tarixi dövrünə şahidlik edirik. Şuşa Bəyannaməsində müəyyənləşdirdiyimiz hədəflərə və istiqamətlərə uyğun olaraq müttəfiqlik münasibətlərimiz gündən-günə genişlənməkdə və yeni məzmunla zənginləşməkdədir”.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.