CƏMİYYƏT
Qüdrətli dövlətin uğursuz dövlət üzərində əzici qələbəsinin Kəlbəcər adı
Bakı, 26 noyabr, AZƏRTAC
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev noyabrın 25-də növbəti dəfə xalqa müraciət etdi: “Əziz həmvətənlər! Bu gün Kəlbəcər rayonu işğaldan azad olundu. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.
Əziz kəlbəcərlilər, gözünüz aydın olsun! Doğma rayonunuz işğaldan azad olundu”.
Tanrı bizə bu sözləri eşitməyi qismət etdi. Tanrı bizə Kəlbəcərin azadlığını göstərdi. Bu Qələbəni bizə Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusu qazandırdı. İşğaldan azad edilmiş torpaqlara müqəddəs bayrağımızı Azərbaycan əsgəri, Azərbaycan zabiti sancıb. Bu Qələbəni Ali Baş Komandanımızın qətiyyəti, prinsipiallığı, Ordumuzun fədakarlığı və peşəkarlığı, dövlət-xalq birliyi sayəsində qazandıq. Əgər bunlar olmasaydı Kəlbəcər, Ağdam və Laçınla bağlı diplomatik-siyasi qalibiyyət əldə edilə bilərdimi? Əsla, yox!
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib.
Q.Paşayeva vurğulayıb ki, düşmənin xüsusi möhkəmləndiyi, beşqat müdafiə tələsi qurduğu Ağdamdan, təbii istehkamlı Kəlbəcərdən, ilin sonuncu ayının ilk günündə Laçından qovulub çıxarılması müharibə yolu ilə baş tutsaydı, etiraf edək, bu, yüzlərlə hərbçimizin qanı-canı bahasına mümkün olacaqdı. Əgər eyni nəticəni hərbçilərimizi itirmədən əldə edə biliriksə, bunu qiymətləndirmək lazımdır. Bu, tarixi nailiyyətdir. Bu, Azərbaycan Prezidentinin siyasi-diplomatik uğurudur. Bu, müzəffər Ordumuzun qalibiyyətinin təntənəsi, dövlət-xalq birliyinin nəticəsidir.
Bəs, Kəlbəcərin özəlliyi nədir? İlk növbədə, biz öz torpağımıza qovuşuruq. İkincisi, Kəlbəcər respublikamızın Ermənistanla sərhəddə yerləşən, ən böyük əraziyə malik rayonudur. Kəlbəcər zəngin təbii ehtiyatlara malik inzibati ərazi vahididir. Kəlbəcər rayonu işğaldan əvvəlki dövrdə Azərbaycanın inkişafında xüsusi yeri ilə seçilib. Azərbaycanda ən böyük qızıl yataqları məhz Kəlbəcərimizdə yerləşir. Örnəyi, Söyüdlü yatağının qızıl ehtiyatları ilkin olaraq 115 tondan çox qiymətləndirilir. Habelə, Ağduzdağ, Tutxun qızıl yataqlarında 15 tona yaxın qızıl ehtiyatının olduğu təsdiq olunub. Ağyataq, Levçay, Çorbulaq, Qamışlı, Ağqaya yataqlarında 1000 tondan artıq civə ehtiyatı mövcuddur. Kəlbəcərin mərmər oniksi, nefroid ehtiyatları da daxil olmaqla, bir sıra faydalı ehtiyatlara malik başqa yataqları var.
Kəlbəcərimiz yalnız Azərbaycanda deyil, Cənubi Qafqazda, ümumən Qafqazda, hətta yaxın-uzaq coğrafiyada qış, yay, kurort-müalicə, tarix və inanc turizmi potensialı ilə xüsusi seçilən – iqlimin, coğrafiyanın verdiyi təbii imkanlara malik bölgəmizdir. Kəlbəcər, həmçinin mifoloji qatlar, şifahi xalq ədəbiyyatı, aşıq ədəbiyyatı da daxil olmaqla, zəngin mədəni irsə malik rayonumuzdur. Bütün hallarda, torpağının altı da, üstü də sərvətlə dolu olan Kəlbəcərin ən əsas sərvəti qonaqpərvər, zəhmətkeş, torpaqcanlı insanıdır.
Deputat qeyd edib ki, Prezident İlham Əliyev Kəlbəcərin tarixi, mədəni, coğrafi gerçəkliyi, imkanları barədə geniş danışdı. Dövlət başçısı Kəlbəcərin 27 il əvvəl necə işğal olmasını faktların dili ilə təhlil etdi. Ermənistan dövləti və ermənipərəst qüvvələr Azərbaycan xalqının səbrini uzun illər sınağa çəkdi. Günahsız insanların, körpələrin, uşaqların, qadınların, qocaların qışın ortasında öz dədə-baba torpağından vəhşicəsinə qovulmasını, onların ağzı bağlı, içi dolu evlərinin talan edilməsini tarix unutmayacaq: “Düşmən elə bilməsin ki, 27 il yaşadı, taladı, indi də gedib rahat yaşayacaq. Qüdrətli Azərbaycan dövləti uğursuz Ermənistan dövlətinin hərbi-siyasi rəhbərliyini 27-30 il ərzində baş verən vəhşiliklərə görə məsuliyyətə cəlb edəcək. Ermənistan beynəlxalq məhkəmələr vasitəsilə Azərbaycana təzminat ödəyəcək. O Ermənistan ki, həmin təzminatın altından çıxa bilməyəcək. Deməli, Azərbaycan Prezidentinin “endir o bayrağı dirəkdən, bük, qoy cibinə” tövsiyəsinə uyğun davranmalı olacaq. Ermənistan məğlub ölkə olaraq özünün vahiməli günlərini yaşayacaq. Biz isə qalib ölkə olaraq Kəlbəcərlə bağlı tarixi günümüzü, həsrətə son verdiyimiz günü “O gün bu gündür!” deyə qeyd edirik.
Qənirə Paşayeva bildirib ki, qələbə qələbə gətirir, uğur uğur gətirir. Suqovuşan, Murov zirvəsi, Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı, Şuşa zəfərlərimiz, neçə-neçə kəndimizin azad edilməsi ard-arda bir-birini doğurdu, yeni zəfərlərimiz üçün əsas oldu, bazis təşkil etdi. Ağdam azad edildi, Kəlbəcər azad edildi. Sırada Laçının öz azadlığına qovuşacağı gün gəlir. Laçından sonra bir başqa Azərbaycan olacağıq. Ruhumuz dirçəlib, ümidlərimiz inama çevrilib, biz bizi biz edən kökləri, ruhu bütün gücü, qüvvəti ilə görürük, idrak edirik. Şübhələr toz-duman olur, Ulu Öndərin “Azərbaycan dünyaya Günəş kimi doğacaq” kəlamı gerçəkləşir. Bu Günəş ən soyuq yerdə, ən sazaq günlərdə də bizi isidəcək, bizi yeni zəfərlərə, qalibiyyətlərə səsləyəcək. Əkəcək, becərəcək, suvaracaq, yetişdirəcək, toxuyacaq, istehsal edəcəyik…Bir sözlə, gül-gülüstana çevirəcəyik el-obalarımızı. Müzəffər Ali Baş Komandanın dediyi kimi, biz Kəlbəcəri yenidən quracağıq. Bizim qələbəmiz bütün tərəqqipərvər bəşəriyyətin qələbəsidir. Biz düşmənin belini qırmaqla onların yaratmaq istədiyi mənfi presedentin qarşısını almışıq. Azadlığın mübarək, Kəlbəcər! Gözün aydın, Azərbaycan!