REGİONLAR
Qüdrətli ordumuz düşmənin təcavüzkar addımı qarşısında aşılmaz səddə çevrilib
Sədərək, 27 fevral, AZƏRTAC
Bu gün Azərbaycan Ordusu düşmənin çirkin niyyətləri qarşısında keçilməz maneəyə çevrilib. Əgər ötən əsrin əvvəllərində bugünkü kimi qüdrətli ordumuz olsaydı, Xocalı faciəsi də baş verməzdi.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Sədərək Rayon Mədəniyyət Sarayında Xocalı soyqırımının 28-ci ildönümünə həsr edilmiş tədbirdə bu fikirlər vurğulanıb.
Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sədərək Rayon İcra Hakimiyyəti başçısının müavini Səfər Hüseynov bildirib ki, Azərbaycan torpaqları üzərində növbəti erməni dövləti yaratmaq xülyasına düşən ermənilər Sədərək rayonuna da hücumlar ediblər. Onlar 1990-1993-cü illərdə Sədərəyə, ümumilikdə, 14 dəfə hücum ediblər. Həmin ağır günlərdə 109 Vətən oğlu şəhidlik zirvəsinə ucalıb. Sədərək bu bölgədə doğulub boya-başa çatan və torpağı uğrunda canını verən 52 vətənpərvərin yurd yeridir. Onların və ümumilikdə, ərazi bütövlüyümüz uğrunda şəhid olan insanların xatirəsi Sədərəkdə daim uca tutulur. Bu gün Xocalı faciəsinin qurbanlarının xatirəsi də ehtiramla yad edilir.
Sonra jurnalist Rauf Əliyevin “XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımı xarici mətbuatda”, tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimovun “Xocalı soyqırımı faktlarla” mövzularında çıxışları dinlənilib. Qeyd edilib ki, hadisələrin şahidi olmuş müxtəlif xarici ölkə jurnalistləri də Xocalı soyqırımını bəşəriyyətin böyük faciəsi adlandırıblar. 1992-ci ildə Xocalıda baş verən dəhşətli qırğınlar barədə yazdıqları məqalələrdə də eyni fikirləri oxucularla bölüşüblər. Məsələn, Fransadan olan jurnalist Jan-İv Yunet, İngiltərənin “Frant layn nyus” telekompaniyasının jurnalisti Rori Patriks, Rusiyanın “İzvestiya” qəzetinin müxbiri V.Belıx, hətta rusiyalı hərbçi, mayor Leonid Kravetsin, Beyrutda nəşr edilən “The Sake of Cross” adlı kitabın müəllifi jurnalist Davud Xeyriyan ermənilərin törətdiyi dəhşətli qırğınları insanlığa sığmayan vəhşilik adlandırıblar.
Vurğulanıb ki, bu gün düşmən arzulasa belə, Xocalı kimi növbəti bir qırğını bir daha törədə bilməyəcək. 2016-cı ilin aprel ayında növbəti dəfə atəşkəs rejimini pozan Ermənistanın təxribatına cavab olaraq Azərbaycan Ordusu tərəfindən torpaqlarımızın bir qisminin, 2018-ci ilin may ayında Əlahiddə Ümumqoşun Ordunun əməliyyatı nəticəsində Şərur rayonunun Günnüt kəndinin, Ağbulaq, Qızılqaya, Qaraqaya yüksəkliklərinin, ümumilikdə, 11 min hektar ərazinin işğaldan azad edilməsi də sübut etdi ki, bu gün silahlı qüvvələrimiz düşmənin hər bir təxribatına qarşı sərt şəkildə cavab vermək və onu yerində oturtmaq qüdrətinə malikdir. Xocalıda şəhidliyə ucalan həmvətənlərimizin ruhları isə Azərbaycan Ordusu bu şəhərə daxil olduğu gün rahatlıq tapacaqdır.