REGİONLAR


Quido Ambroso: Azərbaycan dövləti məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün təqdirəlayiq işlər görüb

Füzuli, 8 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC

BMT-nin qaçqınlar üzrə ali komissarının Azərbaycandakı nümayəndəsi Quido Ambroso və BMT-nin İnkişaf Proqramının ölkəmizdəki rezident nümayəndəsi Alessandro Frakasetti məcburi köçkünlərin həyat şəraiti ilə tanış olmaq məqsədilə aprelin 8-də Füzuli rayonuna səfər ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Quido Ambroso, Alessandro Frakasetti, Komissarlığın Azərbaycandakı nümayəndəliyinin xarici əlaqələr üzrə müşaviri Elsevər Ağayev və BMT İnkişaf Proqramının layihə meneceri Ülvi Bədəlov əvvəlcə Füzuli Rayon İcra Hakimiyyətində olublar.

Rayon icra hakimiyyətinin başçısı Alı Alıyev qonaqlara Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma yurdlarından didərgin düşmüş insanların qarşılaşdıqları çətinliklər, sosial vəziyyəti, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər barədə məlumat verib. Bildirib ki, rayonun ərazisi – 78 yaşayış məntəqəsi 1993-cü ildə Ermənistan silahlı bölmələri tərəfindən işğal edilib. Doğma ev-eşiyindən didərgin düşən 135 min sakin respublikanın 58 rayonunda məskunlaşıb. 1994-cü ildə Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində rayonun 22 yaşayış məntəqəsi işğaldan azad edilib. İşğaldan azad olunmuş ərazilərdə həmin dövrdən etibarən infrastrukturun bərpasına başlanılıb. Məcburi köçkünlər üçün rayon ərazisində 19 qəsəbə salınıb, işğal dövründə yandırılmış və dağıdılmış evlər, təhsil, səhiyyə və mədəniyyət müəssisələri, yollar, körpülər, elektrik və suvarma sistemləri tikilib və bərpa olunub. Erməni işğalı zamanı dağıdılmış və yandırılmış evlərdən 728-i BMT-nin xətti ilə bərpa edilib.

Alı Alıyev diqqətə çatdırıb ki, Ermənistan silahlı birləşmələri atəşkəs rejimini tez-tez pozur ki, bu da dinc əhalinin təsərrüfat işləri ilə məşğul olmasına maneçilik törədir. Çətinliklərə baxmayaraq, rayon zəhmətkeşləri aqrar sahədə yüksək nəticələr əldə edirlər. Füzuli rayonunda hər il 120 min tondan artıq taxıl, 2 min tondan çox pambıq, 40 tona yaxın barama, 7 min tonadək bostan və tərəvəz məhsulları istehsal edilir. Rayonda fəaliyyət göstərən xalça emalı müəssisəsində 120 məcburi köçkün işlə təmin olunub.

BMT-nin qaçqınlar üzrə ali komissarının Azərbaycandakı nümayəndəsi Quido Ambroso ətraflı məlumata görə minnətdarlığını ifadə edib. O, 1995-1997-ci illərdə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının əməkdaşı kimi Azərbaycanda fəaliyyət göstərdiyini bildirərək deyib: “Həmin dövrdə çalışdığım təşkilatın əsas məqsədi Dağlıq Qarabağdan və ətraf rayonlardan didərgin düşmüş 100 minlərlə insanın həyat şəraitinin yaxşılaşdırılması üçün Azərbaycan hökumətinə kömək göstərməkdən ibarət idi. İyirmi ildən də artıq bir vaxtdan sonra mən yenidən Azərbaycana təyinat aldım. Azərbaycanın sosial-iqtisadi vəziyyətinin fərqli olduğunu gördüm. Azərbaycan hökuməti tərəfindən məcburi köçkünlər üçün xeyli iş görülüb. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məcburi köçkünlərlə bağlı fəaliyyəti məhdudlaşıb. Buna baxmayaraq, biz Azərbaycanın əsas problemlərindən olan qaçqın və məcburi köçkün problemini unutmamışıq”.

BMT-nin İnkişaf Proqramının ölkəmizdəki rezident nümayəndəsi Alessandro Frakasetti bölgəyə ilk dəfə səfər etdiyini bildirib: “BMT-nin İnkişaf Proqramının fərqli mandatı var. Biz daha çox ölkənin regionlarının iqtisadi inkişafı ilə məşğul oluruq və Azərbaycan hökumətinin dəvəti ilə burada fəaliyyət göstəririk. Bilmək istəyirik ki, ərazinin inkişafı üçün hansı işlərin görülməsinə ehtiyac var və BMT-nin humanitar və inkişaf təşkilatları bu sahədə nə kimi dəstək göstərə bilər”.

Görüş zamanı Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev qonaqların əhalinin məskunlaşması, məşğuliyyəti, məcburi köçkünlərin həyat şəraiti, əsas çətinlikləri və sair ilə bağlı suallarını cavablandırıb.

BMT-nin qaçqınlar üzrə ali komissarının Azərbaycandakı nümayəndəsi Quido Ambroso və İnkişaf Proqramının ölkəmizdəki rezident nümayəndəsi Alessandro Frakasetti sonra Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) Füzuli regional bazasına gəliblər.

ANAMA-nın regional meneceri Tariyel Qəhrəmanov qurumun fəaliyyəti, mina və partlamamış hərbi sursatdan təmizləmə əməliyyatı barədə məlumat verib.

Rayonun cəbhə xəttinə gələn qonaqlar BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən 1990-cı illərdə bərpa edilən evlərə baxış keçirib, sakinlərlə söhbət ediblər.

Kənd sakini Əlisahib Quliyev bildirib ki, kənd erməni işğalı altında olan zaman evləri də digər evlər kimi dağıdılmışdı. Kənd Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunandan sonra doğma kəndlərinə qayıdaraq çadırda yaşayıblar. 1999-cu ildə onların evi bərpa edilib.

Sonra qonaqlar 400 məcburi köçkün ailəsi üçün salınmış qəsəbədə yaradılan şəraitlə tanış olublar. Məlumat verilib ki, qəsəbədəki mənzillərdən 20-si birotaqlı, 200-ü ikiotaqlı, 168-i üçotaqlı, 12-si isə dördotaqlıdır. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun sifarişi ilə aparılan tikinti işləri zamanı zəruri infrastrukturun yaradılmasına xüsusi diqqət göstərilib.

Məcburi köçkün Elməddin Sədətov deyib ki, Azərbaycan dövləti qaçqın və məcburi köçkün həyatı yaşayan vətəndaşlarına hərtərəfli qayğı göstərir, onların problemlərinin həllini daim diqqət mərkəzində saxlayır. Qəsəbədə məcburi köçkünlər üçün hər cür şərait yaradılıb. Ancaq məcburi köçkünlərin ən böyük istəyi doğma yurdlarına qayıtmaqdır.

Quido Ambroso və Alessandro Frakasetti daha sonra Beşinci Qayıdış qəsəbəsində Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən icra olunmuş infrastruktur və məşğulluq layihələrindən faydalanmış sakinlərlə görüşüblər.

BMT-nin qaçqınlar üzrə ali komissarının Azərbaycandakı nümayəndəsi Quido Ambroso jurnalistlərə müsahibəsində səfərin məqsədinin məcburi köçkünlərin yaşayış şəraiti ilə tanışlıq olduğunu vurğulayaraq deyib: “20 il əvvəl BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının əməkdaşı kimi Azərbaycanda fəaliyyət göstərmişəm. Həmin dövrdə insanların çətinliklərini görmüşəm. Ötən 20 il ərzində Azərbaycan dövləti tərəfindən məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün təqdirəlayiq işlər görülüb. Bununla yanaşı, məcburi köçkünlərin həyat şəraitinin, iqtisadi imkanlarının yaxşılaşdırılması üçün görüləcək işlər hələ də var. İstəyimiz odur ki, dayanıqlı inkişafa nail olunsun”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.