REGİONLAR
Quido Ambroso: İnanıram ki, məcburi köçkünlər doğma yurdlarına qayıtmaq imkanı əldə edəcəklər
Ağdam, 9 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC
BMT-nin qaçqınlar üzrə ali komissarının Azərbaycandakı nümayəndəsi Quido Ambroso və BMT-nin İnkişaf Proqramının ölkəmizdəki rezident nümayəndəsi Alessandro Frakasetti məcburi köçkünlərin həyat şəraiti ilə tanış olmaq məqsədilə aprelin 9-da cəbhə bölgəsində yerləşən Ağdam rayonuna səfər ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Quido Ambroso, Alessandro Frakasetti, Komissarlığın Azərbaycandakı nümayəndəliyinin xarici əlaqələr üzrə müşaviri Elsevər Ağayev və BMT İnkişaf Proqramının layihə meneceri Ülvi Bədəlov əvvəlcə Ağdam Rayon İcra Hakimiyyətində olublar.
Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov qonaqlara Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma yurdlarından didərgin düşmüş insanların qarşılaşdıqları çətinliklər, sosial vəziyyəti, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər barədə məlumat verib. Bildirib ki, Ağdam şəhəri və rayon ərazisinin böyük hissəsi 1993-cü ildə Ermənistan silahlı bölmələri tərəfindən işğal edilib. Doğma ev-eşiyindən didərgin düşən ağdamlı məcburi köçkünlər respublikanın 62 şəhər və rayonunda məskunlaşıb. Hazırda rayon əhalisinin sayı 202 min nəfərdir ki, onun da 159 min 200 nəfəri məcburi köçkündür. Rayonun işğal olunmayan ərazisində məcburi köçkünlər üçün 18 qəsəbə salınıb. 50 min məcburi köçkün rayon ərazisində məskunlaşıb. Rayonun işğal olunmayan kəndlərindən 19-u təmas xəttində yerləşir.
BMT-nin qaçqınlar üzrə ali komissarının Azərbaycandakı nümayəndəsi Quido Ambroso ətraflı məlumata görə minnətdarlığını bildirib. 1995-1997-ci illərdə BMT-nin qaçqınlar üzrə ali komissarlığının əməkdaşı kimi Azərbaycanda çalışdığını xatırladan Q.Ambroso o zaman məcburi köçkünlərin, müharibədən əziyyət çəkən insanların çətin, məşəqqətli günlərinin şahidi olduğunu deyib. “Həmin dövrdə məhdud vəsaitimizlə məcburi köçkünlərin problemlərinin həllinə kömək etmişik. Məcburi köçkünlərin sosiql-iqtisadi ehtiyaclarının ödənilməsi üçün Azərbaycan hökuməti layihələr həyata keçirir. Ötən dövrdə məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasını müşahidə etmişik. Lakin hələ də buna ehtiyac var. Biz vəziyyəti yenə də görmək və öz həmrəyliyimizi ifadə etmək istəyirik”, - deyə Quido Ambroso bildirib.
Rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov deyib ki, Azərbaycan işğal altındakı torpaqlarının azad olunmasını istəyir. Təəssüf ki, təcavüzkar dövlətə işğalın aradan qaldırılması üçün heç bir təsir göstərilmir. Beynəlxalq təşkilatlar təcavüzün aradan qaldırılması üçün konkret işlər görməlidirlər.
BMT-nin İnkişaf Proqramının ölkəmizdəki rezident nümayəndəsi Alessandro Frakasetti bölgəyə ilk dəfə səfər etdiyini bildirib: “BMT-nin İnkişaf Proqramı humanitar fəaliyyətlə məşğul deyil. Biz istəyirik ki, məcburi köçkünlər üçün inkişaf layihəsi ilə bağlı təkliflər dinləyək. Biz əhalinin gəlir əldə etməsi üçün layihələr həyata keçiririk”.
Görüş zamanı Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov qonaqların əhalinin məşğuliyyəti, məcburi köçkünlərin həyat şəraiti, əsas çətinlikləri ilə bağlı suallarını cavablandırıb, məcburi köçkünlər üçün inkişaf layihəsi kimi kənd təsərrüfatı məhsullarının emalı müəssisələrinin yaradılmasına ehtiyac olduğunu diqqətə çatdırıb.
BMT-nin qaçqınlar üzrə ali komissarının Azərbaycandakı nümayəndəsi Quido Ambroso və İnkişaf Proqramının ölkəmizdəki rezident nümayəndəsi Alessandro Frakasetti sonra rayonun təmas xəttinə yaxın məsafədə yerləşən Qaradağlı kəndində məcburi köçkün Qənirə Əmrahovanın evinə baş çəkiblər. Bildirilib ki, Prezident İlham Əliyevin "Ağdam rayonunun erməni silahlı birləşmələri ilə təmas xəttində yerləşən yaşayış məntəqələrində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" Sərəncamına əsasən şəhid anası Qənirə xanımın evi yenidən tikilib. Söhbət zamanı Qənirə Əmrahova dövlətin məcburi köçkünlərə göstərdiyi diqqət və qayğıdan razılığını ifadə edib.
Sonra qonaqlar 632 məcburi köçkün ailəsi üçün salınmış qəsəbədə yaradılan şəraitlə tanış olublar. Qəsəbənin icra nümayəndəsi Xətai Abdullayev məlumat verib ki, burada 632 mənzillə yanaşı, 440 yerlik məktəb, 50 yerlik uşaq bağçası, inzibati bina, tibb məntəqəsi, klub-icma mərkəzi, poçt binası da inşa olunub. Qəsəbənin elektrik enerjisi, içməli su və qaz təchizatı ilə bağlı hərtərəfli iş aparılıb.
Qonaqlar daha sonra qəsəbədəki 135 nömrəli tam orta məktəbə də gəliblər. Məktəbin direktoru Yaşar Ağayev bildirib ki, təhsil ocağında şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hərtərəfli şərait var. Sinif otaqları bütün zəruri inventar və əyani vəsaitlərlə təmin edilib. Məktəbdə hazırda 395 şagirdin təlim-tərbiyəsi ilə 45 müəllim məşğul olur. Məktəbin məzunları hər il yüksək göstəricilərlə respublikanın müxtəlif ali məktəblərinə qəbul olurlar.
Quido Ambroso və Alessandro Frakasetti daha sonra qəsəbədə məcburi köçkün Sərxan Musayevin mənzilinə baş çəkib, həyat şəraiti ilə maraqlanıblar.
BMT-nin qaçqınlar üzrə ali komissarının Azərbaycandakı nümayəndəsi jurnalistlərə müsahibəsində deyib: “20-22 il əvvəl BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının əməkdaşı kimi Azərbaycanda fəaliyyət göstərən zaman məcburi köçkünlərin ağır, məşəqqətli həyatlarının şahidi olmuşam. İndi isə gördüklərim olduqca ürəkaçandır. Məcburi köçkünlər üçün gözəl qəsəbələr inşa edilib. Ancaq demək olmaz ki, məcburi köçkünlərin bütün problemləri həll olunub, ehtiyacları qarşılanıb. Biz məcburi köçkünlərin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması üçün digər agentliklərin cəlb edilməsinə çalışırıq. İnanıram ki, məcburi köçkünlər bir gün doğma yurdlarına qayıtmaq imkanı əldə edəcəklər”.