CƏMİYYƏT
Qulam İshaqzai: Böyük şairin yubileyini 650 min ağac əkməklə qeyd etmək alqışa layiqdir VİDEO
Bakı, 4 noyabr, Laçın Sultanova, AZƏRTAC
Böyük şair Nəsiminin anadan olmasının 650 illik yubileyi münasibətilə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bir gündə 650 min ağac əkmək təşəbbüsünü alqışlayıram. Biz bu təşəbbüsdən çox məmnunuq.
Bu fikri AZƏRTAC-a müsahibəsində BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai bildirib.
Diplomat deyib: “BMT-nin Azərbaycandakı nümayəndəliyi bu təşəbbüsü bir neçə səbəbə görə dəstəkləyir. Birincisi, biz bilirik ki, ağaclar həyatımızın vacib bir hissəsidir. Hansısa şəhəri ağacsız təsəvvür etmək mümkün deyil. Ağaclar havanı qoruyur, səs-küyü azaldır, şəhərlərdə yaşıllıq yaradır. Ən vacibi isə odur ki, bu qədər ağacın əkilməsi ilə Azərbaycan İqlim Sazişi üzrə götürdüyü öhdəliklərin yerinə yetirilməsinə töhfə verəcək. Çünki 650 min ağac karbon emissiyasını azaldacaq və təmiz ətraf mühiti xeyli dərəcədə təmin edəcək. Birləşmiş Millətlər Təşkilatı bunu çox müsbət qarşılayır.
Əgər Nəsimi sağ olsaydı və doğum gününü necə qeyd etdiyimizi görsəydi, əminəm ki, bundan çox məmnun olardı. Çünki bu, Azərbaycan cəmiyyətinin rifahına, eləcə də ümumilikdə, dünyaya töhfə verən bir işdir. Ətraf mühitə hər hansı bir töhfə hamımızın xeyrinədir və bundan ölkənin hüdudlarından kənarda olan insanlar da faydalana bilir. Odur ki, biz bu addımı böyük məmnuniyyətlə qarşılayırıq, həmçinin nazir Muxtar Babayevin rəhbərliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəcib təşəbbüsün həyata keçməsi üçün gördüyü işləri yüksək qiymətləndiririk. Bu, böyük şairin yubileyini qeyd etmək üçün əla vasitədir və biz də ona dəstək olacağıq”.