CƏMİYYƏT
Qulam İshaqzai: Dinc əhalinin hədəfə alınmasının əsaslandırılması heç bir halda mümkün deyil
Bakı, 14 oktyabr, AZƏRTAC
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova BMT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri, rezident-əlaqələndiricisi Qulam İshaqzai və BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin ilə görüşüb.
Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Bahar Muradova BMT ilə birgə əməkdaşlıq çərçivəsində görülmüş işlərin mühüm əhəmiyyətini vurğulayıb. Komitə sədri qeyd edib ki, Azərbaycan tərəfi 30 il ərzində bu hadisələrin yenidən baş verə biləcəyini daim səsləndirməsinə baxmayaraq, məsələyə beynəlxalq müstəvidə lazımi diqqət göstərilməməsi bu gün belə ağır nəticələrə gətirib çıxarıb. Məsələni sülh yolu ilə həll etmək üçün bütün lazımi şərtlər olduğu halda təəssüf ki, Ermənistan öz öhdəliklərini yerinə yetirməməklə yanaşı, ardıcıl təxribatlar törətməklə Azərbaycanı əks-həmlə əməliyyatını reallaşdırmağa məcbur etdi.
Azərbaycanın BMT-nin Nizamnaməsində nəzərdə tutulan hüququndan yararlanaraq öz ərazilərini işğaldan azad etməklə məşğul olduğunu bildirən B.Muradova diqqətə çatdırıb ki, humanitar atəşkəsdən sonra baş verən hadisələr bu addımları atmaqda nə qədər doğru qərar verdiyimizi bir daha sübut etdi. O, Gəncə və Mingəçevirə raket zərbələri zamanı dinc əhalinin və mülki obyektlərin hədəfə çevrilməsinin Ermənistanın yürütdüyü siyasətin mahiyyətini tam şəkildə üzə çıxardığını vurğulayıb.
Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) çatmaq üçün hökumətlə hazırkı əməkdaşlıq məsələlərinə toxunan B.Muradova BMT-nin Azərbaycanın dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün göstərdiyi səyləri yüksək qiymətləndirdiyini, eləcə də münaqişənin sülh və beynəlxalq təhlükəsizlik normaları çərçivəsində həllinin DİM-in icrasına yönəlmiş addım olduğunu qeyd edib. O, Azərbaycan üçün əhəmiyyət kəsb edən, DİM-ə uyğun olaraq müəyyənləşdirilmiş milli prioritetlər və onlara dair göstəricilərin ölkəmizdə dayanıqlı inkişaf sahəsində aparılacaq islahatların əsas istiqamətlərindən xəbər verdiyini diqqətə çatdırıb.
BMT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri, rezident-əlaqələndiricisi Qulam İshaqzai görüşə görə minnətdarlığını bildirərək, Gəncədə baş verən hadisələr zamanı həlak olan sakinlərin ailələrinə başsağlığı verib, xəsarət alanların tezliklə sağlamlıqlarına qovuşacaqlarına inandığını bildirib. Baş verən hadisə ilə əlaqədar Gəncəyə səfər etdiklərini qeyd edən Qulam İshaqzai nəticələri və təsirləri qiymətləndirdiklərini, dinc əhalinin hədəfə alınmasının heç bir halda əsaslandırılmasının mümkün olmadığını diqqətə çatdırıb. O bildirib ki, Mingəçevir və Gəncədə baş verən son insidentlərdən sonra bu şəhərlərdə yaşayan əhali ilə yanaşı, təmas xəttinə yaxın ərazilərdə məskunlaşan insanlar da münaqişədən əziyyət çəkərək yaşadıqları yeri tərk etmək məcburiyyətində qalırlar. Rezident-əlaqələndirici münaqişədən daha çox qadın və uşaqların əziyyət çəkdiyini, hazırda onların hüquqlarının müdafiəsi və zorakılıqdan qorunmasının vacibliyini bildirib, BMT olaraq belə bir çətin vəziyyətdə humanitar dəstəyə hazır olduqlarını qeyd edib.
Sonra çıxış edən UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin münaqişədən zərər çəkən uşaqlara psixoloji dəstəyin vacibliyini vurğulayıb, bir çox təxirəsalınmaz addımların atılmasını təklif edib. O, komitənin regionlarda mövcud olan mərkəzlərinin əhəmiyyətini qeyd edərək, peşəkar mütəxəssislərdən, bir sıra dövlət qurumları, gənclər mərkəzləri, qeyri-hökumət təşkilatlarının nümayəndələrindən ibarət şəbəkənin qurulmasının vacibliyini vurğulayıb. Edvard Karvardin bu işlərin həyata keçirilməsində texniki və maliyyə, o cümlədən bu sahədə çalışanların peşəkarlığının artırılması üçün təlimlərin təşkilində dəstəyin göstərilməsinə hazır olduqlarını diqqətə çatdırıb.
Görüşdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavinləri Sədaqət Qəhrəmanova və Aynur Sofiyeva, BMT-nin Azərbaycan nümayəndəliyinin tərəfdaşlıq üzrə inkişaf mütəxəssisi Şəms Mustafayeva iştirak ediblər.