CƏMİYYƏT


Qum adasının dayaz akvatoriyasında kütləvi balıq ölümünün səbəbi müəyyənləşib

Bakı, 6 iyul, AZƏRTAC

İyulun 4-5-də Xəzər dənizinin Bakı buxtası Qum adasının 3-4 kvadratkilometr olan sahilboyu dayaz akvatoriyasında kütləvi balıq ölümü qeydə alınıb. Hadisənin səbəblərini araşdırmaq üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Zoologiya İnstitutunun hidrobiologiya laboratoriyasının əməkdaşları əraziyə baxış keçirib. Baxış zamanı balıqların sivriburun kefalın körpələri olduğu müəyyənləşib. Nazirlik AMEA-nın əməkdaşları ilə birgə balıqların ölüm səbəbini aydınlaşdırmaq məqsədilə balıq və su nümunələri üzərində analizlər aparıb.

ETSN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən xəbərə əsasən, balıq nümunələri üzərində aparılan ümumi bioloji, morfoloji və fizioloji analizlərin nəticələrinə görə, götürülən nümunələrdə infeksion xəstəliklərin törədiciləri və zəhərlənmə halları aşkar edilməyib.

Balıqların yaşadığı mühitdən götürülən su nümunələrinin fiziki-kimyəvi parametrləri üzərində də analizlər aparılıb. Analizlərin nəticələrinə görə, nümunələr götürülən gün balıqların yaşadığı mühitdə suda həll olmuş oksigenin miqdarının qeyri-optimal səviyyəyədək (suda həll olmuş oksigenin miqdarı 1,5–4,0 milliqram/litrədək (norma-6 milliqram/litr) azalması və onların orqanizminin bu dəyişikliklərə uyğunlaşmaması nəticəsində kefal balığı körpələri kütləvi surətdə tələf olub.

Qeyd edək ki, qeyri-optimal yaşama şəraiti daha həssas olan kefalın əsasən körpə balıqlarına təsir göstərib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.