SİYASƏT
Quram Marxuliya: Türkiyə Prezidentinin Azərbaycana səfərindən sonra regionda yeni dövr başlayıb
Tbilisi, 17 iyun, AZƏRTAC
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iyunun 15-də ölkəmizə, xüsusilə də Azərbaycanın mirvarisi Şuşaya tarixi səfəri ilə Cənubi Qafqaz regionunda yeni dövr başladı. Bu gün tam əminliklə demək olar ki, Türkiyə Cənubi Qafqaza yenidən qayıtdı və mövqelərini daha da möhkəmləndirdi. İndi qətiyyətlə demək olar ki, rəsmi Bakının və Ankaranın razılığı olmadan Cənubi Qafqazda heç bir vacib məsələ həll oluna bilməz.
Bu sözləri AZƏRTAC-a müsahibəsində gürcü tarixçi alim, politoloq Quram Marxuliya söyləyib.
Onun sözlərinə görə, Azərbaycan və Türkiyə prezidentlərinin Şuşada imzaladıqları sənəd mühüm əhəmiyyət kəsb edir.
Türkiyənin dövlət başçısının bu səfəri və Şuşada imzalanan sənəd həm də dünyaya yeni bir mesajdır. Düzdür, bundan əvvəl də Azərbaycan ilə Türkiyə müttəfiq və qardaş ölkələr idi. Şuşada imzalanan sənəd iki qardaş dövlət arasındakı münasibətləri daha yüksək səviyyəyə qaldırdı. Eyni zamanda, bütün dünyaya bəyan etdi ki, Azərbaycan tək deyil, onun Türkiyə kimi böyük və güclü müttəfiqi var.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi