DÜNYA


Quraqlıq Yer kürəsinin dörddəbir hissəsi üçün yeni normaya çevrilə bilər

Madrid, 1 iyul, AZƏRTAC

İyunun ortalarında İspaniyanın demək olar ki, bütün ərazisində müşahidə olunmuş ekstremal isti hava dalğası bu il yayda havaların daha isti və quraqlıq keçəcəyi barədə xəbərdarlıq oldu.

AZƏRTAC xəbər verir ki, İspaniya Dövlət Meteorologiya Agentliyi yeni tədqiqata istinadla bəyanat dərc edib. Bəyanatda göstərilir ki, quraqlıq həmişəlik davam edə bilər. Yaxın gələcəkdə gözlənilən hava şəraitini nəzərə alaraq demək olar ki, ekstremal quraqlıq tez-tez baş verəcək və yeni normaya çevriləcək. Bu məqsədlə istixana qazları tullantılarının azaldılmasına yönəlmiş səylər dünyanın əksər regionlarında ekstremal quraqlıq ehtimalını “az ehtimallı” səviyyəyə endirə bilər.

Bu əsrin ortalarında Yer kürəsinin quru ərazisinin 25 faizdən çox hissəsində tez-tez quraqlıqlar baş verəcəyi gözlənilir. İstixana qazları tullantıları ən yüksək səviyyədə olacağı təqdirdə bu göstərici 28 faizə qədər arta bilər. Beləliklə, hətta tullantıların məhdudlaşdırılmasına dair ən ciddi protokolları tətbiq ediləcəyi halda XXI əsrdə dünyanın tədqiq edilmiş 59 bölgəsindən 11-də ekstremal quraqlıq 5 il və daha çox davam edə bilər. Tullantıların miqdarı daha çox olacağı halda, bu proqnoz 18 regiona tətbiq ediləcək. Tullantılar nə qədər az olsa, müvafiq regionlarda quraqlıq bir o qədər gec başlayacaq.

Alimlər xəbərdarlıq edirlər ki, dünya ölkələrinin hökumətləri iqlim dəyişmələrinin doğura biləcəyi mənfi təsiri lazımınca qiymətləndirmirlər. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, quraqlıq aclığa və kütləvi miqrasiyaya, təbii ehtiyatların deqradasiyasına və iqtisadiyyatın zəifləməsinə səbəb ola bilər. Bundan əlavə, quraqlıq 1,3 milyard nəfərin (bu, əsas gəlir mənbəyi kənd təsərrüfatı olan dünya əhalisinin 40 faizi deməkdir) dolanışıq vasitəsinə təhlükədir.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.